Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Şurası Rusiyaya qarşı yeni sanksiyaları ehtiva edən 14-cü paketin qəbul edildiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı mayeləşdirilmiş təbii qazın (LNG) təkrar ixracına qadağa da daxil olmaqla 14-cü sanksiya paketini qəbul edib.
Bu barədə Aİ bəyanat yayıb.
Bəyanatda bildirilib ki, yeni paketlə mövcud sanksiyalardakı hüquqi boşluqlar aradan qaldırılacaq, sanksiyalardan yayınma çətinləşəcək və enerji sahəsində yeni tədbirlər tətbiq olunacaq. Paket müxtəlif sektoral tədbirləri, həmçinin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 116 şəxs və təşkilata qarşı məhdudlaşdırıcı tədbirləri əhatə edir.
Bəyanatda qeyd edilib ki, Rusiyadan LNG-nin üçüncü ölkələrə ötürülməsində Aİ obyektlərindən istifadənin qarşısı alınacaq. Rusiyaya töhfə verən bəzi gəmilərin Aİ limanlarına girişinin qadağan ediləcəyi də vurğulanıb.
Bu paketlə Aİ ilk dəfə olaraq rus LNG-yə qarşı məhdudlaşdırıcı tədbirlər görüb.
Bizi sosial şəbəkələrdən izləyin!!