Aİ Rusiyadan qalıq yanacaq alışını dayandırmağa hazırlaşır | Banco.az

Aİ Rusiyadan qalıq yanacaq alışını dayandırmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası Prezidenti: “Enerji təhlükəsizliyi milli təhlükəsizlik qədər önəmlidir”

Banco.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Londonda keçirilən “Enerji Təhlükəsizliyinin Gələcəyi” adlı beynəlxalq zirvədə enerji sahəsində Aİ-nin prioritetlərini açıqlayıb. O, Rusiya-Ukrayna müharibəsindən sonra Aİ-nin enerji siyasətində ciddi dönüş baş verdiyini bildirib.

Fon der Leyen deyib ki, Rusiya ilə enerji asılılığının nəticələri uzun illər nəzərə alınmayıb, lakin müharibə bu reallığı dəyişib. Aİ qaz və neft idxalını əhəmiyyətli dərəcədə azaldaraq enerji mənbələrini diversifikasiya edib və təmiz enerji keçidini sürətləndirib.

Prezidentin sözlərinə görə, Aİ iki həftə ərzində Rusiyadan bütün fosil yanacaq idxalını mərhələli şəkildə dayandırmaq üçün yol xəritəsi təqdim edəcək. Bu, enerji asılılığını minimuma endirmək və enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Bərpa olunan enerji mənbələrinin Aİ enerji sistemindəki payının 47%-ə çatdığını qeyd edən fon der Leyen, investisiyaların davam edəcəyini, xüsusilə də külək enerjisi, hidrogen və karbon tutma texnologiyalarının ön plana çıxacağını bildirib.

O, həmçinin ABŞ ilə enerji əməkdaşlığının, xüsusən də LNG idxalının, strateji əhəmiyyətini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram