AI çiplərinə qlobal nəzarət: ABŞ ixrac üçün yeni qaydalar hazırlayır | Banco.az

AI çiplərinə qlobal nəzarət: ABŞ ixrac üçün yeni qaydalar hazırlayır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ hökuməti süni intellekt texnologiyalarının qlobal yayılmasına nəzarəti gücləndirən yeni qaydalar hazırlayır.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Departamenti tərəfindən hazırlanan layihəyə əsasən, Amerikanın razılığı olmadan dünyanın istənilən ölkəsinə süni intellekt çiplərinin göndərilməsi məhdudlaşdırıla bilər. Yeni qaydalar qüvvəyə minərsə, "Nvidia" və "AMD" kimi çip istehsalçılarının süni intellektlə bağlı məhsullarının demək olar ki, bütün ixracı üçün ABŞ hökumətinin təsdiqi tələb olunacaq.

Qeyd olunur ki, bu addım hazırda təxminən 40 ölkəni əhatə edən məhdudiyyətlərin qlobal miqyasda genişləndirilməsi kimi qiymətləndirilir. Yeni mexanizm Vaşinqtona digər ölkələrin süni intellekt modellərinin hazırlanması və idarə edilməsi üçün məlumat mərkəzləri və infrastruktur qurub-qura bilməyəcəyinə dair daha geniş nəzarət imkanları verə bilər.

Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, təsdiq prosesi çipləri sifariş edən şirkətlərin tələb etdiyi emal gücündən asılı olacaq. Məsələn, "Nvidia" şirkətinin ən yeni GB300 qrafik emal qurğularından (GPU) 1000 ədədə qədər ixracı müəyyən istisnalarla daha sadə yoxlama prosesindən keçə bilər. Lakin daha böyük süni intellekt infrastrukturu qurmaq istəyən şirkətlər əvvəlcədən ABŞ hökumətindən xüsusi icazə almalı olacaqlar.

Bildirilir ki, məlumat mərkəzlərinin texniki xüsusiyyətlərindən asılı olaraq şirkətlərdən biznes modellərini açıqlamaq və ya ABŞ hökumətinin nümayəndələrinin obyektlərə baxış keçirməsinə icazə vermək kimi əlavə şərtlər də tələb oluna bilər.

Bu məlumatların yayılmasından sonra texnologiya sektorunda da reaksiya müşahidə olunub. Birja ticarəti zamanı "Nvidia" səhmləri 1,9 faiz, "AMD" səhmləri isə 2,3 faiz ucuzlaşaraq sessiyanın ən aşağı səviyyələrinə enib.