Aİ ABŞ-a texnologiya sahəsində meydan oxuyur | Banco.az

Aİ ABŞ-a texnologiya sahəsində meydan oxuyur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ABŞ-ın blokun rəqəmsal qaydalarını yumşaltmaq səylərinə qarşı texnologiya qaydalarını qətiyyətlə müdafiə edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının ticarət üzrə rəhbəri Maroş Şefçoviç “Bloomberg TV”yə verdiyi müsahibədə bildirib: “Tənzimləməmiz çox əhatəli qanunvericilik prosesi çərçivəsində demokratik şəkildə qəbul edilib. Biz texnoloji suverenliyimizi qoruyacağıq”.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının rəsmiləri açıq şəkildə bəyan etmişdilər ki, Avropa İttifaqı müəyyən qaydaları yumşaltmadığı təqdirdə, Vaşinqton Avropa poladı və alüminiumuna tətbiq olunan gömrük rüsumlarını azaltmayacaq.

Avropa İttifaqı Amerika sənaye malları üçün bütün gömrük rüsumlarını ləğv etməyə, həmçinin demək olar ki, bütün ixrac məhsullarına 15 faiz tarif tətbiq edilməsini qəbul etməyə razılaşsa da, Tramp administrasiyasından tarif güzəşti əldə etməkdə çətinlik çəkir.

Tramp Aİ-nin rəqəmsal tənzimləmələrini qarşılıqlı gömrük rüsumlarını hədəfləyən qeyri-tarif ticarət maneəsi kimi qiymətləndirir. Ağ Ev isə Aİ-nin əvvəlki cərimələrini bir növ gömrük rüsumu kimi xarakterizə etmişdi. Şefçoviç ABŞ-ın ticarət naziri Hovard Lutnik və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir ilə daim əlaqə saxladığını da bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram