Müəllif:Gülbəniz Hsüeynli/Banco.az
Son günlər Azərbaycanda “Aİ-95” markalı avtomobil benzininə tələbat artıb. Yanacaqdoldurma məntəqələrində bu benzinin satış həcminin artdığı müşahidə olunur.
Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli Banco.az-a bildirib ki, benzinlə bağlı rəqabət olmadığı üçün ehtiyac yarandığı təqdirdə qiymət ucuzlaşdırıla bilər. Bazarda alıcıların maraqlarının qorunmalı olduğunu qeyd edən iqtisadçı bildirib ki, o məhsulun maya dəyərindən ucuz satılmasının tərəfdarı deyil:
“Əvəllər “Aİ-92” ilə “Aİ-95”in qiyməti arasında çox fərq var idi. Dizelin enerji tutumu çoxdur, yəni dizel daha uzun məsafələrə getməyə imkan verir. Amma benzinin növləri arasında elə də çox fərq yoxdur. Ekoloji baxımdan “Aİ-95”in tullantısı “Aİ -92”dən daha azdır. AVRO standartlara keçidin əsasında duran məsələ də ətraf mühitə tullantının daha az atılmasıdır.
“Aİ-95” qiyməti daha baha olduğundan sürücülər məcbur olub “Aİ-92” markalı benzin alırdı. Hazırda qiymət fərqinin aşağı düşməsi vətəndaşların “Aİ-95” markalı benzinə tələbatını artıracaq”.
İqtisadçı qeyd edib ki, “Aİ-95”ə keçid həm də avtomobillərin texniki xərclərini azalda bilər:
“Bu qiymət dəyişməsinin iqtisadiyyata ciddi təsiri yoxdur. Çünki “Aİ- 95” markalı benzinlə heç kim yük və sərnişin daşımır. “Premium” markalı benzindən yalnız Azərbaycan əhalisinin 10-15% faizi şəxsi avtomobilinin istifadəsi üçün yararlanır.
“Aİ-95” markalı premium benzinin qiymətinin aşağı salınması həmin 10-15% vətəndaşın xərclərinin bir qədər azaldılması baxımından yaxşı bir addımdır. Yəni Aİ-95 markalı benzin ümumi benzin istehlakında həmin 10-15% vətəndaşın xərcini aşağı salacaq. Bu baxımdan qiymətin azalması yük daşımaya və sərnişindaşımaya, o cümlədən digər məhsulların qiymətlərinə təsir etməyəcək”.
Bizi sosial şəbəkələrdən izləyin!!