Müəllif - Fərid İslamov, Banco.az
Aİ 2035-ci ilə qədər benzinlə işləyən avtomobillərdən imtina edəcək.
Banco.az xəbər verir ki, Avropalı qanunvericilər 2035-ci ilə qədər Aİ-də daxili yanma mühərrikli yeni minik avtomobilləri və furqonların satışını mərhələli şəkildə dayandırmaq barədə razılığa gəliblər.
Avropa Parlamenti və Avropa Şurası nümayəndələri arasında razılaşma oktyabrın 27-də axşam saatlarında əldə edilib və 2030-cu ilə qədər istixana qazları emissiyalarının ən azı 55% azaldılmasına yönəlmiş "Fit for 55" paketi çərçivəsində qəbul edilmiş ilk razılaşmanı əks etdirir.
Yeni qanunvericilik 2021-ci il səviyyələri ilə müqayisədə 2030-cu ilə qədər yeni minik avtomobilləri üçün CO2 emissiyalarının 55% və yüngül yük maşınları (furqonlar) üçün 50% azaldılmasını tələb edir. Əsas məqsəd 2035-ci ilə qədər avtomobillərdən CO2 emissiyasını 100% azaltmaq, yəni faktiki olaraq daxili yanma mühərrikli yeni avtomobillərin satışına qadağa qoyulmasıdır.
Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, avtomobil nəqliyyatı Aİ-də bütün istixana qazı emissiyalarının 30%-ni və Aİ-də istifadə olunan neftin demək olar ki, üçdə ikisini təşkil edir.