“AGBank” və “NBCBank”ın əmanətçilərindən ərizə qəbulu başa çatdı | Banco.az

“AGBank” və “NBCBank”ın əmanətçilərindən ərizə qəbulu başa çatdı

Lisenziyası ləğv edilmiş “AGBank” ASC və “NBCBank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulunun müddəti başa çatıb. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “AGBank” ASC və “NBCBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün lisenziyaları ləğv edilib.

Fonddan verilən məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “AGBank” ASC və “NBCBank” ASC müflis elan edilib və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “AGBank” ASC və “NBCBank” ASC-nin ləğvedicisi təyin edilib.

“Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq Fond agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişi ilə bağlı elanın ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Bununla əlaqədar olaraq, “AGBank” ASC və “NBCBank” ASC ilə bağlı ilk bildiriş 16.05.2020-ci il tarixində www.adif.az  saytında yerləşdirilmişdir.

Sözügedən bankların əmanətlərinin qaytarılması prosesi bir ildir başlayıb. Bunun üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. kompensasiyalar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində iki mərhələdə ödənilib.

İlkin olaraq  16 iyun 2020-ci il tarixindən başlayaraq “AGBank” ASC və “NBCBank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların 15 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətçilərin kompensasiya ödənişi üçün ərizələrinin qəbul edilməsi ilə bağlı elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, 16 may 2021-ci il tarixindən etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitmişdir.

Qeyd edək ki, ötən ilin iyun ayının 16-dan cari ilin may ayının 16-dək “AGBank” ASC-nin 4,803 əmanətçisinə 121 milyon 55 min manat (ümumi kompensasiya öhdəliyinin 90.32%-i), “NBCBank” ASC-nin 4,249 əmanətçisinə 133,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97.13%-i), hər iki bank üzrə isə toplam 9,052 əmanətçiyə 254.3 milyon manat kompensasiya  ödənişi edilib.

Məlumat üçün bildiririk ki, yuxarıda adı çəkilən ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Əmanətlərin Sığortalanması Fondunun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et