Bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti tam istismara verilə bilər.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat Forumu"nda bildirib.
"Ötən il ADY dəmir yolu xəttində əsaslı yenidənqurma işləri aparıb və müvafiq olaraq terminal imkanlarını genişləndirib. Bu gün dəhliz fəaliyyət göstərir, marşrut işləyir. Biz hazırda quru yükün cəlb edilməsi üzərində işləyirik, bütün bu proseslər gedir və həcm müvafiq olaraq artır", - o vurğulayıb.
ADY rəsmisinin sözlərinə görə, BTQ vasitəsilə neft məhsullarının nəqli onun tam istismara verilməsi ilə bağlıdır: "Bu gün demək olar ki, bu proses təxminən 95 % tamamlanıb və biz son ştrixlər üzərində işləyirik. Doğrudur, dəqiq tarix demək mənim üçün çətin olacaq. Amma düşünürəm ki, bu, maksimum bu ilin məsələsidir".
E.Məmmədov vurğulayıb ki, dəmir yolu xətti tam istismara verildikdən sonra ora 2026-cı ildən müxtəlif növ yüklər normal şəkildə cəlb edilə biləcək: "Neft məhsulları ilə bağlı yüklər nomenklaturaya görə təhlükəli yüklər hesab olunur. Onların marşruta cəlb edilməsi tam hazırlıq tələb edir. Biz əmin olmalıyıq ki, bu yükü qəbul etməyə və BTQ vasitəsilə daşımağa hazırıq".
report