Adlarını dəyişən Azərbaycan bankları | Banco.az

Adlarını dəyişən Azərbaycan bankları

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Ölkədə bir neçə bank fəaliyyətlərinə hazırda tanıdığımız adla deyil, başqa adla başlayıblar. Bu məqaləmizdə həmin bankları araşdırmışıq.

"AccessBank" "Azərbaycan Bank Mikromaliyyə" ilk olaraq adı ilə təsis edilib və 29 oktyabr 2002-ci ildə fəaliyyətə başlayıb. Bank 8 sentyabr 2008-ci il tarixində adını "AccessBank" olaraq dəyişdirib.

"ASB Bank" 1996-cı ildə "Capital Investment Bank" (CI Bank) olaraq yaradılıb və 2006-ci ildən hazırkı adı ilə fəaliyyət göstərir.

"Bank of Baku" 14 fevral 1994-cü il tarixində yaradılıb. Bank o illərdə "Tuqay" kommersiya bankı kimi fəaliyyət göstərirdi. 10 fevral 1997 tarixindən sonra isə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirilib və "Bank of Baku" kimi adlandırılıb.

21 iyun 1989-cu ildə təsis edilmiş "Expressbank" uzun müddət "Azərnəqliyyatbank" adı altında fəaliyyət göstərib. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 1 fevral 2010-cu il tarixli qərarı ilə "Azərnəqliyyatbank"ın adı dəyişdirilərək "Expressbank" adlandırılıb.

21 fevral 2000-ci il tarixində Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılıb. 29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında "BUSBank" adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alınıb.

"Premium Bank" fəaliyyətinə 1994–cü ildən Mərkəzi Bankın 175 saylı lisenziyası əsasında "Azal Səhmdar Kommersiya Bankı" adı altında başlayıb. 2008-ci ildən etibarən onun hüquqi varisi olaraq "Bank Silk Vey", ən son isə 2018-ci ildə "Premium Bank" olaraq rebrendinq edib. 

Ən sərfəli kredit üçün müraciət et

"Unibank" 1992-ci ilin iyul ayında ilkin olaraq "MBank" adı altında təsis edilib. "MBank" ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra onun adı 2002-ci ilin oktyabr ayının 15-də "Unibank"a dəyişdirilib.

"Yapı Kredi Bank Azərbaycan" 11 yanvar 2000-ci il tarixində "Koçbank Azərbaycan LTD" adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. 2005-ci ilin sentyabr ayında Türkiyədəki "Yapı Kredi Bankası A.Ş."də həmçinin "Koç Maliyyə Xidmətləri" ailəsinə daxil olub. "Koçbank Azərbaycan LTD" 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini "Yapı Kredi Bank Azərbaycan" adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun ("Koçbank") digər tərəfdaş bankla ("Yapı Kredi Bankası") birləşməsi ilə əlaqədardır. 

1994-cü ildən fəaliyyət göstərən "Yelo Bank" ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan "Yelo Bank" adına rebrendinq edilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et