2015-ci ilin I rübündə fiziki şəxslərin cəmi əmanətləri (7 492 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 65%-ni təşkil etmişdir. Bu barədə Banco.az portalı Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir
I rübdə fiziki şəxslərin cəmi əmanətləri ümumilikdə 814 mln. manat (12, 2 %) artaraq 7,5 mlrd. manat, qorunan əmanətlər 1011 mln. manat (33.2 %) artaraq 4,1 mlrd. manat, qorunmayan əmanətlər isə 197 mln. manat (-5.4 %) azalaraq 3,4 mlrd. manat təşkil etmişdir.
I rübdə fiziki şəxslərin (7,5 mlrd. manat) cəmi əmanətlərinin 54,1%-ni qorunan əmanətlər, 45,9%-ni isə qorunmayan əmanətlər təşkil etmişdir.
Kompensasiya olunan əmanətlər 21,9 % (369 mln.manat) artaraq 2 054 mln. manat olmuşdur ki, bu da qorunan əmanətlərin 47%-ni təşkil edir.
Üzv banklar tərəfindən 6 985 590 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 257 920 nəfəri (89,6%) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,5 %-nin əmanəti 30 min manata qədər olduğu üçün 100 faiz kompensasiya edilir.
Qorunan əmanətlərin 52% - i ABŞ dollarının, 44% - i manatın, 4% - i avronun payına düşür.
Hazırda Fondun sığorta ehtiyatları 99,0 mln. manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 83 milyon manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,3 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.
Fondun gəlirləri 5,9 mln. manat olmuşdur ki, bunun da 5 mln. manatını sığorta haqları, 867 min manatını isə faiz gəlirləri təşkil etmişdir. Fondun cəmi xərcləri 386 min manat təşkil etmişdir.
2015-ci ilin I rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 43-dür.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.
24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixdən etibarən qorunan əmanət hesab olunur və Fond tərəfindən sığortalanır.
Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.
Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.
Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.