ADIF 4 bağlanmış bankın qorunan əmanətçilərinə müraciət edib | Banco.az

ADIF 4 bağlanmış bankın qorunan əmanətçilərinə müraciət edib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə müraciət edib.

Müraciətdə bildirilir ki, 13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank”da, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank”da, 30 iyul 2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank”da və 30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank”da ötən il iyulun 25-də sığorta hadisəsi baş verib.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Adı çəkilən 4 bankın qorunan əmanətçilərinə qorunan əmanətçilərə kompensasiya ödənilməsi məqsədi ilə ərizələrin qəbulu üçün son gün 1 avqust 2017-ci il hesab olunur. Kompensasiya almayan əmanətçilərdən bu ayın sonuna qədər Fonda müraciət etməkləri xahiş olunur.

Ən sərfəli kredit üçün müraciət et

“Əmanətlərin Sığortalanması haqqında” qanuna əsasən, əmanətçi indiyə qədər müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim etdikdə göstərilən müddət uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Əmanətçilərin diqqətinə çatdırılıb ki, Fondun “Kompensasiyaların ödənilməsi proseduruna dair” qaydalarına uyğun olaraq, əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et