Müəllif - Eldar Kərimov - Banco.az
Hindistanlı milyarder Qautam Adaninin "Adani Group" konqlomeratı ölkə iqtisadiyyatına 1,1 trilyon rupiyədək (12,7 milyard dollar) yeni investisiyalar yatırmağı planlaşdırır.
Adani, Madya Pradeş ştatında keçirilən investisiya sammitində bildirdi ki, şirkət öz resurslarını hidroakkumulyasiya, istilik enerjisi istehsalı, dağ-mədən sənayesi və sement istehsalı kimi müxtəlif sahələrdəki layihələrə yönəltmək niyyətindədir.
Onun sözlərinə görə, şirkət həmçinin Madya Pradeş ştatında yeni "ağıllı" şəhər, hava limanı və kömürün qazlaşdırılması layihəsinin inşasını müzakirə edir. Bu layihələr əlavə olaraq 1 trilyon rupiyə yaxın investisiya tələb edəcək, Adani qeyd edib.
Milyarderin sözləri onun konqlomeratının diqqət mərkəzini daxili bazara yönəltdiyini göstərir.
Keçən ilin sonunda ABŞ Ədliyyə Nazirliyinin Adaniyə qarşı korrupsiya ittihamları irəli sürdüyü məlum olmuşdu. Nazirlik hindistanlı milyarderi günəş enerjisi sahəsində sərfəli müqavilələr əldə etmək üçün hindistanlı məmurlara genişmiqyaslı rüşvət sxemi yaratmaqda ittiham edir.
Adani və "Adani Group"un şirkətlərindən biri olan "Adani Green Energy"nin rəhbəri, onun qardaşı oğlu Saqar Adaniyə saxtakarlıq ittihamları irəli sürülüb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) da onlara qarşı ittihamlar irəli sürüb.