Bazar ertəsi “AccessBank” 12 mln. manat məbləğində istiqrazın yerləşdirilməsinə başlayır. Bu barədə Bakı Fond Birjasından məlumat verilib.
"“AccessBank”ın təmin edilməmiş istiqrazları BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. Dekabrın 29-dan etibarən bank istiqrazların yerləşdirilməsinə başlayır”, - deyə birjanın nümayəndəsi bildirib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 12 min ədəd istiqraza bölünüb.
İstiqrazların yerləşdirilmə müddəti bir təqvim ili, gəlirlilik illik 9%-dir.
İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində “PAŞA Capital” MMC çıxış edir.
“AccessBank” istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaiti Azərbaycanda kiçik biznesin kreditləşməsi, mikrokredit portfelinin artırılmasına yönəltməyi planlaşdırır.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın KfW bankı, “Access Holding” və “LFS Financial Systems GmbH” şirkətləridir.
interfax.az