ABŞ Senatı sabitkoinlərin tənzimlənməsi üçün ilk addımı atıb | Banco.az

ABŞ Senatı sabitkoinlərin tənzimlənməsi üçün ilk addımı atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Senatı sabitkoinlərin tənzimlənməsi üçün ilk addımı atıb.

Banco.az xəbər verir ki, Bank Komitəsi tərəfindən qəbul edilən GENIUS Aktı sabitkoin emitentlərini federal nəzarətə tabe edəcək. Qanun layihəsi Konqresin hər iki palatasından keçərsə, kriptovalyuta bazarı üçün hərtərəfli qaydalar tətbiq olunacaq.

ABŞ Senatının Bank Komitəsi 18-6 səs çoxluğu ilə sabitkoin emitentlərinin federal səviyyədə tənzimlənməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. GENIUS Aktı adlanan bu qanun layihəsi Senatın plenar iclasına çıxarılarkən, Nümayəndələr Palatasında da oxşar prosesin yaşanması lazımdır.

Demokrat senatorlar sabitkoinlərin tənzimlənməsi ilə bağlı qanun layihəsini ümumilikdə dəstəkləsələr də, əlavə nəzarət mexanizmləri təklif edən dəyişikliklərin hamısı partiya səsverməsi ilə rədd edilib. Komitənin aparıcı Demokrat üzvü Elizabet Uarren qanun layihəsinin bəzi müddəalarının milli təhlükəsizlik üçün ciddi təhdidlər yaratdığını bildirərək kəskin tənqidlər səsləndirib. O, təklif etdiyi hər bir dəyişiklik rədd edildikcə, getdikcə daha çox məyus olduğunu ifadə edib.

Müzakirələr zamanı Uarren Tramp ilə əlaqəli maliyyə qurumu World Liberty Financial-ın kriptovalyuta birjası “Binance” ilə görüşdüyünə dair xəbərləri xatırladaraq, "Bu qanun layihəsini müəyyən edilmiş boşluqları aradan qaldırmadan və məhz Donald Trampın şübhəli bir qurumla öz sabitkoinini yaratmağa çalışdığına dair iddiaların gündəmdə olduğu bir dövrdə irəlilətmək ağılsızlıq olardı" deyib.

Demokrat senator Ketrin Kortez Masto isə Respublikaçıların qanun layihəsinə dair dəyişikliklərin müzakirə edildiyi iclaslarda iştirak etməməsini və müzakirələri təxirə salmalarını tənqid edib. O, "Bu qanun layihəsi vacib bir başlanğıcdır, lakin hələ qüvvəyə minməyə hazır deyil" deyərək, layihədə daha çox tənzimləyici nəzarətin olmasının vacibliyini vurğulayıb.

Komitə sədri, Respublikaçı senator Tim Skott isə, "Bunu başa çatdırmaq üçün gecələr, gündüzlər, həftə sonları boyunca çalışdıq" deyərək, prosesin mürəkkəbliyinə diqqət çəkib.

GENIUS Aktı Nəyi Əhatə Edir?

Tennessi senatoru Bill Haqerti tərəfindən hazırlanan və "ABŞ Sabitkoinləri üçün Milli İnnovasiyaya Rəhbərlik və Quruluş Qanunu" olaraq bilinən GENIUS Aktı sabitkoin emitentlərinin federal səviyyədə nəzarətini nəzərdə tutur. Layihə istehlakçıların qorunması, bazar rəqabətinin təşviqi və innovasiyanın dəstəklənməsi kimi maddələri əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram