ABŞ nüvə reaktorları üçün 18 milyard dollar ayırır | Banco.az

ABŞ nüvə reaktorları üçün 18 milyard dollar ayırır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Energetika Nazirliyi ölkə daxilində 10 irimiqyaslı nüvə reaktorunun istismara verilməsini sürətləndirmək üçün beş uyğun layihəyə ümumilikdə 17,5 milyard dollar məbləğində  kreditlər verəcəyini açıqladı.

Banco.az xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilirdi ki, maliyyələşdirmə Amerika nüvə təchizat zəncirinin gücləndirilməsi səylərinin bir hissəsi olaraq uzun çatdırılma müddəti olan vacib avadanlıqların satın alınmasını maliyyələşdirmək üçün istifadə olunacaq.

Bildirilib ki, 17,5 milyard dollarlıq "Amerika Nüvə Təchizatı Zəncirinin Kreditləri" proqramı çərçivəsində kommunal xidmət şirkətləri və enerji şirkətləri tərəfindən həyata keçiriləcək 5 layihəyə dəstək veriləcək. Qeyd edilib ki, bu layihələrin məqsədi ABŞ-da 10 irimiqyaslı kommersiya nüvə reaktorunun istismara verilməsi prosesini üç ilə qədər sürətləndirməkdir.

Bəyanatda deyilir ki, beş kreditin hər biri tək bir layihə sahəsində iki reaktorun tikintisini dəstəkləyəcək. Bu reaktorlar hazırda ABŞ-da lisenziyalı yeganə genişmiqyaslı qabaqcıl kommersiya reaktoru olan Westinghouse AP1000 texnologiyasından istifadə edəcək.

Bildirilib ki, layihələrin birgə mülkiyyətini öz üzərinə götürəcək Westinghouse şirkəti, iştirak edən enerji şirkətlərinin maliyyələşdirməyə çıxışını təmin etmək üçün hər layihə üçün 500 milyon dollar olmaqla, ümumilikdə 1 milyard dollarlıq kapital qoyuluşu etməlidir. Satınalma prosesləri, bu kapital qoyuluşlarının vaxtından asılı olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Bəyanata görə, hər biri təxminən 1,1 giqavatt gücə malik 10 reaktorun ümumi istehsal gücü təxminən 10 milyon Amerika ailəsinin elektrik enerjisinə olan ehtiyacını ödəmək üçün kifayət edəcək.

ABŞ-ın Energetika Naziri Kris Rayt verdiyi açıqlamada bildirib ki, bu şərti kreditlər ABŞ-ın irimiqyaslı kommersiya nüvə reaktorları tikməsi üçün zəruri olan təchizat zəncirinin canlandırılmasında mühüm rol oynayacaq.