ABŞ məhkəməsi Trampın qlobal tariflərini qanunsuz elan etdi | Banco.az

ABŞ məhkəməsi Trampın qlobal tariflərini qanunsuz elan etdi

Müəllif: Mehin Qasımova, Banco.az

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Tramp tərəfindən tətbiq edilən qlobal tariflərin qanunsuz olduğuna qərar verib.

Banco.az xəbər verir ki, məhkəmə Trampın 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsasən imzaladığı “Əsas beynəlxalq ödəniş problemlərinin həlli məqsədilə müvəqqəti idxal əlavələrinin tətbiqi” adlı 20 fevral 2026-cı il tarixli fərmanı etibarsız hesab edib.

Qərarda bildirilir ki, sözügedən tariflərin tətbiqi qanuni əsaslara uyğun olmayıb. Məhkəmə Vaşinqton ştatı, eləcə də “Burlap and Barrel” və “Basic Fun” şirkətlərinin xeyrinə qərar çıxararaq, 122-ci maddə əsasında ödənilmiş gömrük rüsumlarının və həmin məbləğlər üzrə qanuni faizlərin geri qaytarılmasını tapşırıb.

Xatırladaq ki, qlobal tariflər ABŞ Ali Məhkəməsinin qərarından sonra elan edilib. ABŞ Ali Məhkəməsi 20 fevral tarixli qərarında bildirib ki, Tramp administrasiyasının əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) prezidentə birtərəfli qaydada tariflər tətbiq etmək səlahiyyəti vermir.