ABŞ İranın kölgə donanmasına yeni sanksiyalar tətbiq edib | Banco.az

ABŞ İranın kölgə donanmasına yeni sanksiyalar tətbiq edib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Maliyyə Nazirliyi İranın milyardlarla dollar dəyərində neft və neft-kimya məhsullarını beynəlxalq bazarlara daşımaq üçün istifadə etdiyi kölgə donanmasına qarşı yeni sanksiyalar elan edib.

Banco.az xəbər verir ki, tədbirlər çərçivəsində İranın neft və neft-kimya sektorları ilə əlaqəli 17 gəmi və çoxsaylı şirkət sanksiya siyahısına daxil edilib.

Nazirliyin açıqlamasına görə, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ABŞ-ın sanksiyalarından yayınmaq məqsədilə İran nefti və neft-kimya məhsullarının daşınmasında istifadə edilən gəmiləri hədəf alıb.

Məlumata əsasən, həmin gəmilər müxtəlif ölkə və ərazilərdə qeydiyyatdan keçib və beynəlxalq gəmiçilik şirkətlərinin mürəkkəb şəbəkəsi vasitəsilə idarə olunur.

Sanksiya siyahısına əlavə edilən 17 gəminin milyonlarla barel İran xam neftini, neft məhsullarını və neft-kimya məhsullarını Cənubi və Şərqi Asiyanın müxtəlif bazarlarına daşıdığı bildirilir.

Gəmilərin Panama, Baham adaları, Monqolustan, Palau, Kamerun və Honkonq da daxil olmaqla müxtəlif yurisdiksiyalarda qeydiyyatda olduğu qeyd edilib.

Bununla yanaşı, İranın neft və neft-kimya sektorlarında fəaliyyət göstərən bir sıra şirkətlər də sanksiyalara məruz qalıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, həmin şirkətlər gəmilərin idarə olunmasında və İran mənşəli məhsulların daşınmasında iştirak edirlər.

Digər tərəfdən, OFAC-ın əvvəlki sanksiya siyahısından iki gəminin çıxarıldığı bildirilib.

ABŞ-ın maliyyə naziri Skott Bessent yeni tədbirlərin məqsədinin İran hakimiyyətinin regiondakı hərbi fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə etdiyi resurslara çıxışını məhdudlaşdırmaq olduğunu bildirib.

Bessent vurğulayıb ki, İrana sanksiyalardan yayınmaqda kömək edən heç bir tərəf ABŞ Maliyyə Nazirliyinin səlahiyyətlərindən kənarda deyil.