Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ ilə İran arasında gərginliyin enerji qiymətləri üzərindən inflyasiya təzyiqlərini artıra biləcəyi ilə bağlı narahatlıqlar qlobal mərkəzi bankların bu həftə verəcəyi mesajların əhəmiyyətini artırır.
Banco.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin yenidən artması nəticəsində ötən həftə neft qiymətlərinin 100 dolları keçməsi qlobal inflyasiya risklərini artıraraq mərkəzi bankların pul siyasətində manevr imkanlarını məhdudlaşdırıb. Enerji xərclərinin artmasının inflyasiya ilə mübarizəni çətinləşdirə biləcəyi bildirilir. Bu səbəbdən mərkəzi bankların qiymət sabitliyini ön planda saxlayan mövqelərini qoruyacağı gözlənilir.
Bu həftə investorların diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (Fed), Yaponiya Mərkəzi Bankının (BoJ) və İngiltərə Mərkəzi Bankının (BoE) pul siyasəti qərarlarına yönəlib. Qərar mətnləri və mərkəzi bank rəhbərlərinin açıqlamalarının ilin qalan hissəsi üzrə faiz dərəcələri ilə bağlı gözləntiləri formalaşdıracağı gözlənilir.
Fed-in mesajları qlobal bazarlar üçün kritik olacaq
Qlobal maliyyə sistemində mühüm rol oynayan Fed-in çərşənbə günü açıqlayacağı faiz qərarı bazarların əsas gündəmindədir. Bazar qiymətləndirmələrinə görə, Fed-in bu iclasda uçot dərəcəsini sabit saxlama ehtimalı 66% təşkil edir. Bununla yanaşı, bankın ilin sonuna qədər ən azı bir dəfə faiz artıra biləcəyi ilə bağlı gözləntilər də qüvvədə qalır. Neft qiymətlərindəki artımın inflyasiya risklərini yüksəltməsi bu gözləntiləri gücləndirən amillərdəndir.
Qərardan sonra Fed sədri Kevin Warshın açıqlamaları da investorlar üçün mühüm olacaq. Bazar iştirakçıları onun çıxışında sentyabr, oktyabr və dekabr iclaslarında mümkün faiz qərarları ilə bağlı siqnallar axtaracaqlar.
Avropada diqqət BoE-yə yönəlib
Avropa Mərkəzi Bankı (ECB) ötən həftə üç əsas faiz dərəcəsini gözləntilərə uyğun olaraq sabit saxlayıb. ECB prezidenti Kristin Laqard Yaxın Şərqdəki müharibənin yaratdığı enerji şokunun inflyasiyaya tam təsirinin hələ ortaya çıxmadığını bildirib. Onun sözlərinə görə, faiz qərarları gələcək iqtisadi və maliyyə göstəricilərindən və inflyasiya risklərindən asılı olacaq.
ECB-nin qərarından sonra diqqət cümə axşamı faiz qərarını açıqlayacaq BoE-yə yönəlib. Bazar iştirakçıları bankın faiz dərəcəsini sabit saxlayacağını gözləsə də, ilin sonuna qədər bir faiz artımı ehtimalını da nəzərə alırlar.
Asiyada gözlər BoJ-un qərarındadır
Yaxın Şərqdəki hadisələrin dolayı təsirləri Asiya iqtisadiyyatlarında da hiss olunur. Yaponiyada inflyasiya təzyiqlərinin davam etməsi faiz siyasəti ilə bağlı gözləntilərin sərt mövqedə qalmasına səbəb olur.
Ölkədə illik inflyasiya iyunda 1,7%-ə yüksələrək son altı ayın ən yüksək səviyyəsinə çatıb. Enerji xərclərinin iqtisadiyyata təsiri fonunda əsas inflyasiyanın da sürətlənməsi müşahidə olunur.
BoJ-un cümə günü keçiriləcək iclasında ehtiyatlı mövqe sərgiləyəcəyi gözlənilir. Bazarlar bankın ilin sonuna qədər bir dəfə faiz artıra biləcəyini qiymətləndirir. Eyni zamanda, dolların yen qarşısında 40 ilin ən yüksək səviyyələrinə yaxın olması Yaponiya hökumətinin qərarlarını çətinləşdirir.
Analitiklər bildirirlər ki, bu həftə qlobal mərkəzi bankların qərarları ilə yanaşı, onların açıqlamalarında istifadə edəcəkləri ifadələr bazarların istiqamətinə ciddi təsir göstərə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
