Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın investisiya bankları "Bank of America" və "Morgan Stanley" 2026-cı ilin birinci rübü üçün maliyyə nəticələrini açıqlayıblar.
Banco.az xəbər verir ki, Bank of America-nın açıqlamasına görə, bankın xalis mənfəəti bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 8,6 milyard dollara çatıb. Bank 2025-ci ilin birinci rübündə 7,4 milyard dollar xalis mənfəət əldə etdiyini bildirib.
Şirkətin səhm başına mənfəəti də ötən ilin birinci rübündəki 89 sentdən bu ilin birinci rübündə 1,11 dollara yüksəlib.
Bank of America-nın gəliri ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 30,3 milyard dollara çatıb. Bank 2025-ci ilin eyni dövründə 28,2 milyard dollar gəlir əldə edib.
Morgan Stanley-in məlumatına görə, bankın gəliri bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 20,6 milyard dollara çatıb. Bankın gəliri 2025-ci ilin birinci rübündə 17,7 milyard dollar olaraq qeydə alınıb.
Qurumun xalis mənfəəti ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 5,6 milyard dollara çatıb. Bank ötən ilin birinci rübündə 4,3 milyard dollar xalis mənfəət əldə edib.
Morgan Stanley-in səhm başına mənfəəti də ötən ilin birinci rübündəki 2,60 dollardan bu ilin eyni dövründə 3,43 dollara yüksəlib.
