Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ ilin sonunda neft qiymətlərinin düşəcəyini proqnozlaşdırır.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) qlobal neft bazarındakı yenilikləri nəzərə alaraq, 2025-ci ilin sonunda neft qiymətlərinin 10 faizdən çox enəcəyini proqnozlaşdırır.
EIA-nın 2025-ci ilin sentyabr ayı Qısamüddətli Enerji Görünüşü Hesabatına əsasən, yay mövsümündə tələbin azalması və qlobal təklifin artması nəticəsində Brent neftinin son rübdə bir barel üçün 59 dollara düşəcəyi gözlənilir. 2026-cı ilin yazında isə qiymətlərin 49 dollara qədər enməsi proqnozlaşdırılır. Hazırda Brent nefti 67 dollar səviyyəsində ticarət olunur.
Hesabatda qeyd olunur ki, aşağı qiymətlər Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC+) və digər istehsalçı ölkələrdə hasilatın azaldılmasına gətirib çıxara bilər. Bu isə 2026-cı ilin sonrakı dövrlərində ehtiyatların artım tempini zəiflədə bilər.
EIA həmçinin qiymət proqnozlarındakı qeyri-müəyyənliklərə də toxunur. Belə ki, Rusiya-Ukrayna müharibəsi mümkün yeni sanksiyalar və ABŞ-ın ticarət danışıqları təklif və tələbat üzərində risk yaratmağa davam edir. Bundan əlavə, ilin sonrakı aylarında gözlənilən təklif artıqlığı OPEC+ ölkələrinin hasilat strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!