Ekvador hökuməti kağız analoqu olmayan və ölkənin hazırkı valyutası – ABŞ dollarına rəqib olacaq rəqəmli valyutanı dövriyyəyə buraxmaq ilə bağlı qərar qəbul edib.
Bu haqda Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi “IT Expert”-ə istinadən məlumat verib.
Dövlət virtual pulunun dövriyyəyə oktyabrda buraxılması planlaşdırılır. Valyutanın adı barədə hələlik məlumat verilmir.
Hökumət nümayəndələrinin sözlərinə görə, proqram ənənəvi bank xidmətlərindən istifadə etməyən əhalinin 40 faizi üçün nəzərdə tutulub. Virtual dövlət rəqəmli valyuta ilə ödənişləri mobil telefonlar üçün xüsusi əlavələr vasitəsilə həyata keçirmək mümkün olacaq.
ABŞ dolları 2000-ci ildən Ekvadorun rəsmi valyutasıdır.
Məlumat üçün bildirək ki, kriptovalyuta (Cryptocurrency) emissiya və uçotu kriptoqrafiya üsulları və asimmetrik şifrləməyə əsaslanan rəqəmli valyuta növüdür. Sistem bölüşdürülmüş kompüter şəbəkəsində desentralizasiya edilmiş şəkildə fəaliyyət göstərir.
"Banklar və Biznes" jurnalı