ABŞ Ədliyyə Nazirliyi Almaniyanın ən böyük banklarından biri olan "Deutsche Bank"dan kompensasiya kimi 14 mlrd. ABŞ dolları tələb edib. Banco.az "BBC" agentliyinə istinadən xəbər verir ki, kompensasiya tələbi "Deutsche Bank"ın qiymətli kağızlarla ticarət qaydalarını pozması nəticəsində 2008-ci il qlobal maliyyə böhranının yaranmasına səbəb olması ilə bağlıdır.
Nazirlik hesab edir ki, adı çəkilən bank qiymətli kağızların risk qiymətləndirməsini aşağı salıb və nəticədə, bu qiymətli kağızları alan "Fannie Mae" və "Freddie Mac" ipoteka investisiya şirkətləri 2008-ci il qlobal maliyyə böhranına səbəb olublar. Böhran nəticəsində bu şirkətlərin səhmləri kəskin azalıb və nəticədə hər iki şirkət ABŞ İpoteka maliyyələşdirilməsi üzrə Federal Agentliyi tərəfindən nəzarətə götürülüb. İndi isə ABŞ dövləti bu şirkətlərin zərərlərini banklardan tələb etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, "Deutsche Bank" ABŞ Ədliyyə Nazirliyi ilə danışıqların aparıldığını açıqlayıb. Bank kompensasiya kimi daha az (1-2 mlrd. dollar) vəsait ödəmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi 2013-cü ildə "JP Morgan Chase" bankından 13 mlrd. dollar, 2014-cü ildə "Bank of America"dan isə 17 mlrd. dollar kompensasiya almağa müvəffəq olub.