ABŞ-də dizelin qiyməti rekord həddə çatdı: İlk dəfə 6 dolları keçdi | Banco.az

ABŞ-də dizelin qiyməti rekord həddə çatdı: İlk dəfə 6 dolları keçdi

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə yüksəlib.

Banco.az xəbər verir ki, qlobal təchizatın məhdudlaşması və geosiyasi risklərin artması fonunda ABŞ-da dizel yanacağının qiyməti cümə axşamı günü ilk dəfə olaraq bir qallon üçün 6 dolları keçib.

GasBuddy məlumatlarına görə, qlobal yanacaq bazarında yaranan gərginliyə bir sıra amillər təsir edib. ABŞ və İsrailin fevral ayının sonunda İrana qarşı başladığı müharibə nəticəsində Hörmüz boğazında dəniz daşımalarının dayanması yanacaq təchizatına ciddi təsir göstərib.

Bununla yanaşı, Ukraynanın Rusiya neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar və Rusiyanın dizel ixracına tətbiq etdiyi qadağa qlobal bazarda təklifin azalmasına səbəb olub. Çinin yanacaq ixracına tətbiq etdiyi məhdudiyyətlər də bazardakı gərginliyi daha da artırıb.

ABŞ-da dizel ehtiyatlarının da azalması qiymətlərə əlavə təzyiq göstərir. Məlumata görə, ölkədə dizel ehtiyatları beş illik orta göstəricidən 13% aşağı düşərək 106,3 milyon barelə geriləyib.

Ekspertlərin fikrincə, qarşıdakı dövrdə ABŞ-da dizel ehtiyatlarının artırılması daha da çətinləşə bilər.

Buna səbəb yaxın aylarda neft emalı zavodlarında həyata keçiriləcək mövsümi təmir işləridir. Mütəxəssislər hesab edirlər ki, növbəti iki ay ərzində ehtiyatların artırılması məhdud imkanlar səbəbindən çətin olacaq.