ABŞ-da yüzlərlə aviasiya işçisi işdən çıxarılıb | Banco.az

ABŞ-da yüzlərlə aviasiya işçisi işdən çıxarılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında sərnişin təyyarəsi ilə hərbi helikopterin havada toqquşmasından sonra yüzlərlə aviasiya işçisinin ixtisar olunmağa başladığı bildirilir.

Banco.az xəbər verir ki, Peşəkar Aviasiya Təhlükəsizliyi Mütəxəssisləri (PASS) Həmkarlar İttifaqının sədri David Spero yazılı açıqlamasında Federal Aviasiya Administrasiyasının (FAA) sınaq müddətində olan işçilərə 14 fevraldan etibarən işdən çıxarıldıqlarına dair e-poçtlar göndərdiyini bildirib.

Spero, “Rəhbərliyin FAA sınaq müddətində olan işçiləri işdən çıxarmaq qərarından narahatıq və məyus olmuşuq” ifadəsini işlədərək həftə sonu daha çox insana işdən çıxarılma barədə bildiriş göndərilmiş ola biləcəyini qeyd edib.

O, “yüzlərlə işçiyə” göndərilən işdən çıxarma bildirişlərində “performans və ya davranışla bağlı heç bir səbəb göstərilmədiyini”, həmçinin bu e-poçtların FAA rəhbərliyindən gəldiyi halda rəsmi korporativ e-poçt ünvanı əvəzinə şəxsi Microsoft ünvanından istifadə edildiyini vurğulayıb.

İşdən çıxarılan işçilər arasında bir çox "əsgər və veteranın" da olduğunu qeyd edən Spero, “ABŞ xalqı üçün çalışmağı seçən fədakar dövlət qulluqçularını kənara atmaq utancvericidir” ifadəsini işlədib.

ABŞ hökumətinə bağlı bu qurumdakı işdən çıxarmaların Vaşinqton yaxınlığında təxminən 3 həftə əvvəl baş vermiş təyyarə qəzasından sonra həyata keçirilməsi diqqət çəkib.

Prezident Donald Tramp qəza ilə bağlı keçirdiyi mətbuat konfransında FAA-nın işçi heyətini tənqid edərək, "O vəzifələrdə parlaq insanların olması lazımdır" ifadəsini işlətmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram