ABŞ-da mənzil tikintisi artıb | Banco.az

ABŞ-da mənzil tikintisi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mənzil istehsalının artması ilə yeni evlərin tikintisi mart ayında bir ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, ABŞ-da mənzil tikintisinə başlanma göstəricisi mart ayında illik əsasda 10,8 faiz artaraq 1,5 milyona çatıb. Halbuki gözlənti 0,4 faiz azalma idi. Beləliklə, bu göstərici 2024-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib.

Çərşənbə günü yayımlanan hesabat mənzil tikintisi sektorunda sabitləşmə meyillərinin formalaşmağa başladığını göstərir. Bununla belə, İranda gedən müharibə iqtisadi qeyri-müəyyənliyi artıraraq təkcə tikinti materiallarının qiymətinə deyil, həm də ipoteka kreditlərinin faiz dərəcələrinə təsir göstərib.

Gələcək tikinti fəaliyyətinin əsas göstəricilərindən biri hesab olunan tikinti icazələri mart ayında illik əsasda 1,37 milyon səviyyəsinə enərək avqust ayından bəri ən aşağı həddə düşüb.

Eyni zamanda, Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, uzunömürlü mallara sifarişlər mart ayında 0,8 faiz artaraq proqnozları üstələyib. Gözlənti 0,5 faiz artım idi. Fevral ayında isə sifarişlərdə 1,3 faiz azalma qeydə alınmışdı.

Təyyarə və hərbi avadanlıqlar istisna olmaqla avadanlıq investisiyalarının göstəricisi sayılan əsas kapital mallarına sifarişlərin dəyəri 3,3 faiz artaraq 2020-ci ildən bəri ən yüksək artımı nümayiş etdirib. İqtisadçılar hesab edirlər ki, şirkətlərin süni intellekt sahəsinə investisiyalarını davam etdirməsi səbəbindən bu il də biznes yatırımları güclü olaraq qalacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram