Müəllif: Tamara Mustafayeva, Banco.az
Silikon Vadisi Bankından (SVB) sonra Nyu-Yorkda yerləşən “Signature Bank”a da qəyyum təyin edilib.
Banco.az xəbər verir ki, Nyu-York Maliyyə Xidmətləri Departamentinin (DFS) yaydığı bəyanatda ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) əmanətçiləri qorumaq üçün “Signature Bank”a qəyyum təyin etdiyi açıqlanıb.
Bəyanatda həmçinin qeyd olunub ki, 31 dekabr 2022-ci il tarixinə olan statistikaya əsasən, “Signature Bank”ın təxminən 110,4 milyard dollar aktiv və 88,6 milyard dollar depozitə malikdir və bank FDIC tərəfindən sığortalanıb.
Qeyd edək ki, Kaliforniyada yerləşən Silikon Vadisi Bankı (SVB) 21 milyard dollarlıq istiqraz mövqeyini təxminən 1,8 milyard dollar itki ilə bağladıqdan və 2 milyard dollardan çox kapital cəlb edəcəyini elan etdikdən sonra səhm qiyməti 60 faizdən çox ucuzlaşmışdı. Martın 10-da isə FDIC SVB-yə qəyyum təyin edildiyini açıqlamış və bank bu il iflas edən ilk FDIC sığortalı qurum olaraq qeyd edilmişdi.
Xatırladaq ki, SVB-nin iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da qeydə alınan ən böyük bank iflaslarından biridir. Bu qəbildən digər böyük müflis olma 2008-ci il böhranı zamanı “Washington Mutual” bankının adı ilə bağlıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!