ABŞ banklarının xalis mənfəəti ikinci rübdə 28,7% artıb | Banco.az

ABŞ banklarının xalis mənfəəti ikinci rübdə 28,7% artıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ bank sektorunda 2026-cı ilin ikinci rübündə mənfəət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Banco.az xəbər verir ki, Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) hesabatına görə, ölkədə sığorta sistemində iştirak edən bankların ümumi xalis mənfəəti illik müqayisədə 28,7% artaraq 90,1 milyard dollara çatıb.

Hesabatda 4 238 kommersiya bankı və əmanət təşkilatının məlumatları nəzərə alınıb. Bankların aprel-iyun aylarında əldə etdiyi ümumi mənfəət əvvəlki rüblə müqayisədə 12% artıb. Maliyyə qurumlarının 69%-i isə mənfəətinin yüksəldiyini açıqlayıb.

Bank sektorunda aktivlərin orta gəlirliliyi (ROA) ikinci rübdə 1,26% təşkil edib. Bu göstərici birinci rübdə 1,14% olub.

Bankların xalis faiz gəlirləri əvvəlki rüblə müqayisədə 5,3 milyard dollar və ya 2,8% artıb. Qeyri-faiz gəlirləri isə 5,5 milyard dollar və ya 6,1% yüksəlib. Orta xalis faiz marjası 1 baza bəndi artaraq 3,32%-ə çatıb.

ABŞ bank sektorunun ümumi aktivləri ikinci rübün sonunda 26,5 trilyon dollar olub. Bu, əvvəlki rüblə müqayisədə 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,9% çoxdur.

Bankların balansındakı kreditlərin həcmi də artıb. Aprel-iyun aylarında kredit portfeli əvvəlki rüblə müqayisədə 1,8% artaraq 13,9 trilyon dollara çatıb.

Əmanətlərin ümumi həcmi isə 142,7 milyard dollar və ya 0,8% artaraq yüksəlişini ardıcıl səkkizinci rüb davam etdirib.

FDIC-in məlumatına görə, iyunun sonunda ABŞ-da problemli bankların sayı 47-yə düşüb. Bu rəqəm əvvəlki rübdə 54 olub və son üç ilin ən aşağı göstəricisidir.

İkinci rübdə ABŞ-da dörd yeni bank fəaliyyətə başlayıb, bir bank isə müflis elan edilib.