ABB-nin özəlləşdirilməsi düzgün addımdır? | Banco.az

ABB-nin özəlləşdirilməsi düzgün addımdır?

Iqtisadçı ekspert, Samir Əliyev, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı fikirlərini səsləndirib.

Beynəlxalq Bank ölkənin bir nömrəli bankıdır və onun bazar payı, təxminən 40%-ə yaxındır, dövlət bankı olmaqla, sistem əhəmiyyətli bank hesab olunur. Ölkə üzrə kredit qoyuluşlarının 1/3-i, depozit qoyuluşlarının isə 1/4-i Beynəlxalq Bankın payına düşür.

Dövlətin bütün əsas vəsaitləri Beynəlxalq Bank və qismən də Kapital Bank vasitəsi ilə reallaşdırılır. Digər banklar kənarda qalır və bu da rəqabət mühitini pozur. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin də əsas benefisiarı bu bankdır.

Prezidentin son fərmanına əsasən, Beynəlxalq Banka məxsus problemli aktivlər mərhələli şəkildə likvid vəsait müqabilində dövlətə məxsus “Aqrarkredit” QSC-nin idarəetməsinə veriləcək. “Aqrarkredit” QSC isə öz növbəsində borclanmaya gedəcək, mərhələlərlə istiqraz emissiya edərək onları qiymətli kağızlar bazarında yerləşdirəcək. Bu istiqrazlara dövlət zəmanəti veriləcək, ancaq onun həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limiti nəzərə alınmaqla tənzimlənəcək. Buraxılmış istiqrazlar uzunmüddətli və aşağı faizli (yəqin ki uçot dərəcəsi səviyyəsində olacaq - illik 3%) olacaq. Mərkəzi Bank həmin istiqrazların satın alınmasını həyata keçirəcək. “Aqrarkredit” QSC istiqrazdan cəlb etdiyi vəsaiti dövrü olaraq Beynəlxalq Banka ödəyəcək. Restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Beynəlxalq Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlanıb Prezidentə təqdim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq Bankın çox böyük problemləri var. Əsas problemlər vaxtı keçmiş və problemli kreditlər ilə bağlı idi. Qeyd edək ki, təkcə Beynəlxalq Bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə olan digər problemli kreditlərin həcmindən daha çoxdur. Bankdan milyonlarla dəyərində kredit götürmüş ancaq geri qaytarmamış müştərilərindən həbs yolu ilə borcların bir hissəsi geri alınsa da aktivləri tam xilas etmək mümkün olmayıb. Geri qayıdan vəsaitlərin həcmi barədə məlumatlar açıqlanmır, ona görə zərərli aktivlərin həcmi barədə dəqiq məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, “Aqrarkredit” QSC-nin boynuna ən azı bir milyard manata yaxın zərərli aktiv yüklənəcək.

Beynəlxalq Bankın özəlləşdirməyə çıxarılması düzgün addımdır. İndiki vəziyyətdə özəlləşdirməyə çıxarılması onun dəyər-dəyməzə satılmasına, beynəlxalq reytinqinin aşağı düşməsinə gətirib çıxara bilər. Sağlamlaşmadan sonra isə bankı normal qiymətə satmaq mümkündür. Həm də bankın indiki vəziyyətdə satılması sektor üçün probemlər yarada bilərdi. Təbii ki, əsas məsələ bankın kim tərəfindən alınması olacaq. Əks halda onun özəlləşdirilməsi ciddi əhəmiyyət daşımayacaq.