2019-cu ilin yanvar-sentyabr dövründə (9 ay ərzində) Azərbaycandakı kredit təşkilatlarının cəmi kredit qoyuluşları 1 milyard 223 milyon manat artaraq Sentyabr ayının sonunda 14 milyard 243 milyon manata çatıb. Artımın 80%-i və ya 972 milyon manatı istehlak kreditləri ilə bağlıdır.
Sentyabrın sonunda 14 milyard 243 milyon manatlıq kredit qoyuluşlarının 6 milyard 292 milyon manatını və ya 44,2%-ni ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) təşkil edib. Avqustun sonunda ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi şəkisi 43,9%, ötən ilin sonunda isə 40,9% idi. Beləliklə istehlak kreditlərinin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 3.3 bənd artıb.
Keçən ilin sonundan ötən 9 ay ərzində istehlak kreditləri 972 milyon manat, real sektora verilən cəmi kreditlər 251 milyon manat artıb.
2018-ci ilin yanvarında ev təsərrüfatlarına verilən cəmi kreditlər 4 milyard 522 milyon manatadək geriləmişdi və cəmi kreditlərdə xüsusi çəkisi 38,8% təşkil etmişdi. Ötən 20 ayda ev təsərrüfatlarına verilən cəmi kreditlər 1 milyard 770 milyon manat artıb.
PREZİDENT TAPŞIRIQ VERİB
“Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır”.
Bunu iqtisadi müşavirədə Prezident İlham Əliyev demişdi.
Prezident çıxışına belə davam etmişdi: “Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı”.
Marja