1938-ci ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyənin ən köklü kənd təsərrüfatı kooperativlərindən biri olan Fındıq Kənd Təsərrüfatı Satış Kooperativləri Birliyi (FİSKOBİRLİK) ciddi maliyyə böhranının astanasına gəlib.
Banco.az xəbər verir ki, Fiskobirlik iflas həddinə çatıb. Şirkət artan borc yükündən qurtulmaq üçün daşınmaz əmlakını satışa çıxarıb.
Məlumata görə, pul axınında çətinlik yaşayan birlik torpaq və binaların satışı ilə vəsait toplamağa çalışır. Maliyyə çətinlikləri yaşayan şirkət bir çox əmlaklarını borc üçün girov qoyublar. Təxminən 160 min istehsalçı ortağı olan bu 87 illik təşkilat bu gün fındıq istehsalçılarına dəstək vermək əvəzinə öz borcları ilə mübarizə aparır.
Şirkət daşınmaz əmlakının demək olar ki, hamısını ipoteka qoyaraq kredit götürüb və bu səbəbdən heç bir daşınmaz əmlakı qalmayıb. Son zamanlar Giresun, Tirebolu və Fatsada bir çox mülklər satışa çıxarılıb. Şirkət müdirləri dəyəri nə varsa, onu satmağa başlayıblar. Bu, idarəetmə yanaşmasının ciddi tənqidinə səbəb olub.