5 kompressor stansiyası tikməklə TANAP-ın ötürmə qabiliyyəti 31 milyard kubmetrə çatdırıla bilər | Banco.az

5 kompressor stansiyası tikməklə TANAP-ın ötürmə qabiliyyəti 31 milyard kubmetrə çatdırıla bilər

Trans-Anadolu qaz kəmərinin (TANAP) illik ötürmə qabiliyyətinin 31 mlrd. kubmetrə qədər artırılması üçün 5 əlavə kompressor stansiyasının tikintisi lazım olacaq. Bunu İpsalada TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. Xatırladaq ki, İpsalada (Türkiyə ilə Yunanıstan sərhədi) TANAP Trans-Adriatik qaz kəməri (TAP) ilə qovuşur. S.Düzyolun sözlərinə görə, qaz kəmərinin ötürülmə gücünü 24 mlrd. kubmetrədək artırmaq üçün iki, 31 mlrd. kubmetrədək artırmaq üçün isə əlavə üç kompressor stansiyasının tikintisinə ehtiyac yaranacaq.

Qeyd edək ki, TANAP-ın nəqletmə qabiliyyətinin 24 mlrd. kubmetrə qədər artırılması 2023-cü ildə, 31 mlrd. kubmetrədək artırılması isə 2026-cı ildə planlaşdırılır. S. Düzyolun fikrincə, TANAP-ın 31 mlrd. kubmetr gücü ilə işləməsi üçün 7 kompressor stansiyası (mövcud iki stansiyası daxil olaraq) olması lazımdır.

Qeyd edək ki, hazırda TANAP-ın tikinti işlərinin 99,9 faizi yekunlaşıb və bu günə kəmərin ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir. Boru kəməri vasitəsilə Türkiyəyə qazın nəqli 2018-ci ilin iyun ayından başlayıb. TAP-ın tikintisi bitəndən sonra, gələn il TANAP və TAP kəmərləri vasitəsilə Azərbaycan qazı Avropaya nəql ediləcək. S. Düzyolun sözlərinə görə, TANAP kəməri qazın Avropaya nəqli üçün texniki olaraq tam hazırdır.

"Şahdəniz 2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra, Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin hüquqi bazası 2012-ci ildə yaradılıb. Layihə üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra kəmərin inşaat işləri başlayıb. TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan ilk mərhələsi 2018-ci ilin iyununda tamamlanıb. Həmin il iyunun 12-də iki qardaş ölkənin dövlət başçılarının iştirakı ilə Türkiyədə TANAP-ın açılış mərasimi keçirilib. Türkiyəyə kommersiya məqsədli ilk qazın nəqli 2018-ci il iyunun 30-da Əskişəhərdəki çıxış nöqtəsində başlayıb. Cari ilin iyunun sonunadək layihənin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci mərhələsi də uğurla başa çatdırılıb.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiyə" Enerji A.Ş (7%) şirkətləridir.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç