Müəllif: Gülnar Əhmədli, Banco.az
Fransanın Burqundiya bölgəsində illərlə qarajda tərk edilən 1982-ci il istehsalı Renault 5 43 ildən sonra yenidən gündəmə gəlib. Cəmi 12 kilometr yol qət edən avtomobil Parisdə keçirilən hərracda gözlənilməz qiymətə satılıb.
Banco.az xəbər verir ki, avtomobil təxminən 3-4 ay əvvəl Son-et-Luar bölgəsindəki bir kənddə yerləşən qarajda aşkarlanıb. Daha sonra Aguttes Hərrac Evi tərəfindən hərraca çıxarılıb.
Hərracdan əvvəl avtomobilin qiyməti 5-10 min avro arasında dəyərləndirilirdi. Lakin klassik avtomobilə maraq gözləntiləri xeyli üstələyib. Nəticədə Renault 5 bütün xərclər daxil olmaqla 64 453 avroya satılıb.
Avtomobilin yüksək qiymətə satılmasında yürüşünün cəmi 12 kilometr olması, orijinallığını böyük ölçüdə qoruması və onilliklər ərzində istifadə edilmədən saxlanılması əsas amillər olub.
Avtomobilin tarixçəsi də diqqət çəkir. İlk sahibi 1982-ci ilin oktyabrında 1108 kubsantimetr mühərrikli, 4 pilləli mexaniki sürət qutusu və 5 qapısı olan Renault 5 sifariş edib.
Lakin sürücülük imtahanından keçə bilmədiyi üçün avtomobili istifadə etmək əvəzinə qarajda saxlayıb. Avtomobil 1982-ci ildən 2025-ci ilə qədər demək olar ki, hərəkət etdirilmədən həmin yerdə qalıb.

Avtomobilin yürüş göstəricisi cəmi 12 kilometrdir. Onun 43 il ərzində istifadə edilmədən qorunması klassik avtomobil həvəskarları üçün olduqca nadir nümunə yaradıb.
Satış zamanı avtomobilin 1982-ci ildə Chalon-sur-Saônedakı Sodirac dilerindən alındığını göstərən orijinal hesab-faktura və sifariş sənədlərinin də olması onun dəyərini artırıb.
1972-1984-cü illərdə istehsal olunan Renault 5 5 milyondan çox satılaraq markanın ən məşhur modellərindən birinə çevrilib.
Lakin 43 il qarajda saxlanılan və yürüşü demək olar ki, dəyişməyən bu avtomobil modelin günümüzə gəlib çatan ən qeyri-adi nümunələrindən biri kimi diqqət çəkib.
Bizi sosial şəbəkələrdən izləyin!!
