40 milyon dollarlıq Ferrari: Sahibi avtomobilini 2027-yə qədər görə bilməyəcək | Banco.az

40 milyon dollarlıq Ferrari: Sahibi avtomobilini 2027-yə qədər görə bilməyəcək

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ferrari-nin elektrikli avtomobillər dövrünə keçidini simvolizə edən ilk tam elektrikli modeli Luce hələ yollara çıxmadan avtomobil tarixində iz qoyub. Modelin ilk istehsal şassisi olan “Chassis 0” ABŞ-də keçirilən hərracda 40 milyon dollara satılıb. Bu, yeni avtomobil üçün hərracda ödənilən rekord məbləğ olub. Lakin avtomobilin yeni sahibi onu qarajına aparmaq üçün 2027-ci ilə qədər gözləməli olacaq.

Banco.az xəbər verir ki, Monterey Car Week çərçivəsində keçirilən hərracda Ferrari Luce proqramının ilk istehsal şassisi “Chassis 0” satışa çıxarılıb. Avtomobil 40 milyon dollara alıcı tapıb.

Ferrari-nin əvvəlki rekordu 2025-ci ildə 26 milyon dollara satılan xüsusi istehsal Daytona SP3 modelinə məxsus idi.

“Chassis 0” təkcə ilk istehsal şassisi olması ilə deyil, xüsusi dizaynı ilə də fərqlənir. Avtomobil üçün hazırlanan “Madreperla Semi-Gloss” kuzov örtüyü işığın düşmə bucağından asılı olaraq yaşıldan bənövşəyədək dəyişən mirvari əkslər yaradır.

Salonunda isə metalik Perla Le Mans dərisi və Grigio Corvara tonlarından istifadə olunub. Təkərlərdən əyləc detallarına qədər fərdiləşdirilən avtomobil dünyada unikal nümunədir.

40 milyon dollar ödəyən sahib avtomobilini dərhal əldə edə bilməyəcək. Hərracdan sonra Luce Ferrari-nin Maranellodakı zavoduna aparılacaq və son hazırlıqlardan keçiriləcək. Avtomobilin sahibinə 2027-ci ilin ilk rübündə təhvil verilməsi gözlənilir.

Satışdan əldə olunan 40 milyon dolların tamamı Ferrari Foundation vasitəsilə ABŞ-də və digər ölkələrdə gənclər üçün təhsil layihələrinə ayrılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram