4 yaşlı Selcana dəstək məqsədilə yarmarka keçiriləcək
Yarmarka Park Bulvar AVM-də baş tutacaq
Oktyabr ayının 8-9 tarixlərində kəskin leykoz xəstəliyindən əziyyət çəkən Selcan Muradzadəyə dəstək məqsədi ilə Park Bulvarda xeyriyyə yarmarkası keçiriləcək. Əldə olunan vəsait 4 yaşlı qızcığazın müalicəsinə sərf ediləcək. Səhər saat 10:00-dan başlayacaq yarmarka axşam 22:00-dək davam edəcək. Yarmarkada suvenir, rəsm əsəri, aksessuar, bijuteriya, toxunma əl işi, oyuncaq və digər suvenirlər almaqla hər kəs balaca qızcığazın sağalmasına yardım edə bilər. Yarmarkada Selcana dəstək məqsədilə bir sıra tanınmış şəxslər də iştirak edəcək.
Qeyd edək ki, kəskin leykoz M5 diaqnozu qoyulan Selcan, kimyəvi terapiya kursu almalıdır. Hal-hazırda Selcan Türkiyədə müalicəyə başlayıb, 2 il müddətində müalicəsini davam etdirməli və tam sağalması üçün sümük iliyi köçürülməlidir. Əslən Füzuli rayonundan olan ailəsinin uşağın müalicəsini ödəməyə imkanı çatmır, lakin cəmiyyətimizdə xeyirxah və geniş ürəkli insanlar da çoxdur. Selcana maddi və mənəvi dəstək üçün Facebook və İnstagram sosial şəbəkələrində xüsusi dəstək qrupları yaradılıb. Uşağın vəziyyəti, müalicəyə aid sənədlərlər və tələb olunan məbləğlə bağlı ətraflı məlumatı həmin səhifələrdən əldə etmək mümkündür.
Həftəsonu hər birinizi bu balaca qızcığaza yardım məqsədilə Park Bulvara gəlib, yarmarkada təklif olunan əşyaları alaraq, Selcana dəstək olmağa dəvət edirik!