30 dollara alınan tablo 250 min dollarlıq sənət əsəri çıxdı | Banco.az

30 dollara alınan tablo 250 min dollarlıq sənət əsəri çıxdı

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-nin Miçiqan ştatında adi bir satışdan cəmi 30 dollara alınan tablo illər sonra böyük sənət kəşfinin mərkəzinə çevrilib.

Banco.az xəbər verir ki, hazırda əsərin hərracda 250 min dollara qədər qiymətə satılacağı gözlənilir.

Hadisə Miçiqanda keçirilən əmlak satışında başlayıb. Adı açıqlanmayan kolleksiyaçı satışa çıxarılan əşyalar arasında gördüyü tablonu cəmi 30 dollara alıb.

Lakin tablonun küncündəki “Abercrombie, '51” yazısı onun diqqətini çəkib. Bu detal əsərin Çikaqo sənət mühitinin tanınmış simalarından olan sürrealist rəssam Gertrude Abercrombieyə aid ola biləcəyi ehtimalını yaradıb.

Kolleksiyaçı bundan sonra tablonun tarixçəsini araşdırmağa başlayıb. Miluokidə Abercrombie əsərlərinin nümayiş olunduğu “The Whole World Is a Mystery” sərgisi ilə bağlı köhnə bir fotoşəkil tapması şübhələri daha da gücləndirib.

Fotoşəkildəki əsərin kolleksiyaçının aldığı tablo və onun orijinal çərçivəsi ilə uyğun gəldiyi müəyyənləşib. Bundan sonra sənət tarixi üzrə mütəxəssislərdən yardım alınıb.

Gertrude Abercrombie yaradıcılığı üzrə ixtisaslaşan sənət tarixçisi Susan Weiningerin araşdırması nəticəsində tablonun rəssama məxsus olduğu təsdiqlənib.

“Alderman Merriam's Shells” adlı əsərin 1951-ci ildə çəkildiyi və 1947-1955-ci illərdə Çikaqo Şəhər Şurasında fəaliyyət göstərmiş Robert Merriamın dəniz qabığı kolleksiyasını təsvir etdiyi müəyyən edilib.

İllərlə diqqətdən kənarda qalan əsər aşkarlanmasından sonra yenidən sənət bazarına qayıdır. Tablo Freeman's tərəfindən keçiriləcək hərracda satışa çıxarılacaq.

Ekspertlərin qiymətləndirməsinə görə, əsərin 150-250 min dollar arasında qiymətə satılması gözlənilir. 250 min dollarlıq yuxarı qiymət reallaşarsa, 30 dollara alınan tablonun dəyəri minlərlə dəfə artmış olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram