3-cü Alternativ mümkündürmü? | Banco.az

3-cü Alternativ mümkündürmü?

Sosial psixoloqlar həm öz daxilimizdə, həm də digər insanlara münasibətdə müəyyən ziddiyyətlərin olduğunu qeyd edirlər. Həmin ziddiyyətlərin bəziləri dağıdıcı, bəziləri isə səthi xarakter daşıyır. Həyatımızın istənilən sahəsində müəyyən seçimlərimiz olur və bir çox hallarda həyatımızı həmin seçimlər üzərində qururuq. Müəllif Stiven Kovi “3-cü Alternativ”  adlı kitabında həmin seçimlərin əsaslandığı iki alternativli düşüncə tərzindən və 3-cü alternativin mümkünlüyündən, həmçinin faydasından bəhs edir.

Qeyd edək ki, bu kitab azərbaycan dilinə bu günə qədər tərcümə edilməmişdir, oxucular bu kitabın qısa məzmununu ana dilimizdə www.readit.az saytından oxuya bilərlər.

“İki alternativli” düşüncə tərzi iki zidd yoldan birini seçmək, yaxud da “uzlaşma”ya əsaslanır. Zehnimiz iki alternativdən birini seçməyə məcbur edildikdə, tərəflər arasındakı münasibətlər gərginləşir və çox vaxt onlardan heç olmasa biri əldə olunan nəticədən narazı olur. İki alternativli düşüncə “onlara qarşı biz” baxışı üzərində qurulub. Bu baxış bucağı isə ancaq ziddiyyətləri və rəqabəti görür, insanları, fikirləri və tərəfləri birləşdirmək əvəzinə, onları bir-birindən uzaqlaşdırır. Bu sistemdə adətən, “Qalib/Məğlub” zehniyyəti ön plandadır.

Stiven Kovi bu düşüncə formasını faydasız hesab edir və üçüncü bir alternativin olduğunu vurğulayır. Belə ki, baxış bucağımızı dəyişməklə daha yaradıcı ola və hamının qazanmasına imkan verən vəziyyətlər yarada bilərsiniz. Üçüncü alternativ, ümumilikdə, əks qütbləri birləşdirən yeni bir yoldur. Kovi bu üçüncü alternativ vasitəsilə əldə edilən nəticələrin “gələcəyi yaradan” nəticələr olduğunu qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

Üçüncü alternativ bir tərəfin məğlub, digərinin isə qalib olmasını aradan qaldıran, hər iki tərəfin öz mənafeyinə uyğun nəticələr əldə edə biləcəyi bir yoldur. Kovinin fikrincə, üçüncü alternativi tapmaq zehni inkişaf prosesidir. Bunun üçün “həmişə haqlı olduğumuz” düşüncəsindən xilas olub, bəzən səhvlər edə biləcəyimizi qəbul etməli, məsuliyyət götürməli və ümumi qazancı fərdi qazancdan üstün hesab etməliyik.

Üçüncü alternativə bir nümunə göstərək: Məsələn, tabeçilik və mübarizə anlayışları mahiyyət etibarilə, bir-birinin əksidir. Mübarizə əksər hallarda şiddəti əhatə edir; ancaq tabeçilikdə bu yoxdur. Buna baxmayaraq, Qandi və onun ardınca, Martin Lüter Kinq bu iki fikri şiddətsiz mübarizəyə əsaslanan 3-cü Alternativdə, yəni xalqları azadlığa aparan bir anlayışda birləşdirib.

Müəllif kitabda həyatımızın müxtəlif sahələrində (ev, iş, universitet/məktəb, cəmiyyət, hüquq və s.) üçüncü alternativi tapmağın mümkün olduğunu qeyd edir və oxuculara bir çox məsləhətlər verir.

Odur ki, çalışın iş həyatında və ailədə problemləri 3-cü alternativ taparaq həll edin, bu zaman hər iki tərəf məmnun qalacaq və daha yaxşı nəticələr əldə edəcəksiniz.