2026-cı ilin ən etibarlı avtomobil markaları | Banco.az

2026-cı ilin ən etibarlı avtomobil markaları

Müəllif: Gülnar Əhmədli, Banco.az

Sürücülər bu il avtomobillərində əvvəlki illə müqayisədə daha çox problem qeydə alsalar da, bəzi markalar etibarlılıq baxımından yenə də liderliyini qoruyub saxlayır.

Banco.az xəbər verir ki, JD Power-ın 2026-cı il araşdırmasına əsasən hazırlanan reytinq avtomobillərin 100 vahidinə düşən problem sayı (PP100) göstəricisinə əsaslanır.

Bu göstərici nə qədər aşağıdırsa, avtomobil sahibləri tərəfindən bir o qədər az problem bildirilib və model daha etibarlı hesab olunur.

Araşdırma üç illik avtomobillərin ilkin sahiblərinin istifadə zamanı üzləşdikləri problemlər əsasında hazırlanıb.

Lexus ardıcıl dördüncü dəfə reytinqdə birinci yeri tutsa da, ümumi mənzərə sənaye üzrə pisləşib. 2026-cı ildə avtomobil sahibləri orta hesabla hər 100 avtomobilə 204 problem barədə məlumat veriblər. Problemlərin əksəriyyəti informasiya-əyləncə sistemləri, smartfon bağlantısı və proqram təminatı ilə bağlı olub.

2026-cı ilin ən etibarlı 10 avtomobil markası

  • Lexus – 151 PP100
  • Buick – 160 PP100
  • MINI – 168 PP100
  • Cadillac – 175 PP100
  • Chevrolet – 178 PP100
  • Subaru – 181 PP100
  • Porsche – 182 PP100
  • Toyota – 185 PP100
  • Kia – 193 PP100
  • Nissan – 194 PP100

Lexus liderliyini qoruyur

Lexus ardıcıl dördüncü ildir ki, etibarlılıq reytinqinin zirvəsində qərarlaşıb. Brend üzrə hər 100 avtomobilə cəmi 151 problem düşüb. Siyahıda ikinci yerdə Buick (160 PP100), üçüncü yerdə isə MINI (168 PP100) qərarlaşıb.

Reytinqdə Yaponiya istehsalçıları xüsusilə güclü nəticələr göstəriblər. Subaru, Toyota, Nissan, Honda və Mazda sənaye üzrə orta göstəricidən daha yaxşı performans nümayiş etdirərək Yaponiyanın etibarlı avtomobil istehsalı sahəsindəki nüfuzunu bir daha təsdiqləyiblər.

Lüks seqmentdə də yüksək nəticələr qeydə alınıb. Cadillac, Porsche, BMW və Genesis araşdırmada ən yaxşı nəticə göstərən markalar sırasında yer alıb.

Ən böyük problem proqram təminatıdır

Mexaniki etibarlılıq bir çox istiqamətdə yaxşılaşsa da, proqram təminatı ilə bağlı problemlər artmaqda davam edir.

JD Power müəyyən edib ki, doqquz əsas kateqoriya arasında ən çox şikayət informasiya-əyləncə sistemləri ilə bağlıdır. Xüsusilə Android Auto və Apple CarPlay bağlantısında yaranan nasazlıqlar ardıcıl üçüncü ildir ki, sürücülərin ən çox üzləşdiyi problem olaraq qalır.

Hibrid avtomobillər ən problemli kateqoriyadır

Araşdırma müxtəlif güc aqreqatları arasında da ciddi fərqlərin olduğunu göstərir. Hibrid avtomobillər ən zəif nəticə göstərərək hər 100 avtomobilə 281 problem qeydə alıb. Bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.

Əksinə, benzin mühərrikli avtomobillər orta hesabla 198 PP100 göstəricisi ilə etibarlılığını yaxşılaşdıran yeganə kateqoriya olub.

Reytinqin sonunda isə ən çox problem qeydə alınan markalar Volkswagen, Volvo və Land Rover olub. Onların arasında Volkswagen hər 100 avtomobilə 301 problem göstəricisi ilə sonuncu sıralarda yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram