“2025-ci ildə kriptovalyuta bazarında böyük dəyişiklik gözlənilir” | Banco.az

“2025-ci ildə kriptovalyuta bazarında böyük dəyişiklik gözlənilir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“2025-ci ildə kriptovalyuta tənzimləmələrin artması qaçılmazdır. Bir çox ölkə, təşkilatlar və iri şirkətlərin kriptovalutalarla yeni müqavilələr imzalaması gözlənilir. Kriptovalyuta ilə bağlı qanunların sərtləşdirilməsi də planlaşdırılır”.

Bu fikirləri Banco.az-a səhm və kripto bazarlar üzrə ekspert Orxan Qasımov deyib. O bildirib ki, bu addımlar, vergidən yayınmanın qarşısını almaq məqsədini güdür.

Qasımov, ABŞ-dakı seçki prosesinə də toxunaraq, Trumpın seçkilərdə qələbəsinin kriptovaluta bazarında müsbət təsir göstərə biləcəyini vurğulayıb:

 "Düşünürəm ki, Trumpın qələbəsi bazarda müəyyən müddət ərzində artıma səbəb ola bilər. Əksinə, Kamala Harrisin seçilməsi halında bazarda düşüş baş verə bilər. Bu, əlbəttə müvəqqəti bir prosesdir, çünki kriptovaluta bazarı hər hansı xəbərə reaksiyaya meyillidir".

Ən sərfəli kredit üçün müraciət et

Orxan Qasımov, 2025-ci ildə Metaversin kriptovalutalarla daha da inteqrasiya edəcəyini proqnozlaşdırır:

"Növbəti il, Metaversin kriptovalutalara daha çox daxil olacağı bir dövr olacaq. 2025-ci il, bazarda stabillik gətirə bilər. Bu stabillik, qanunvericiliyin qəbulu və sərtləşmələr vasitəsilə özünü göstərəcək ki, bu da kriptovalutanın normal bazara daxil olmasını asanlaşdıracaq", – deyə o vurğulayıb.

Ekspert yeni investisiya imkanlarının yaranacağını, lakin məlumatsız şəkildə kriptovalutalara yatırım etməyin riskli olduğunu xatırladıb:

"Böyük məbləğlərin itirilməsi riski vardır. Ən optimal yanaşma, mütəxəssislərdən məsləhət alaraq bu sahəyə daxil olmaqdır", – deyə Orxan Qasımov fikrini tamamlayıb.