2024-cü ildən əmanətlər yenidən vergidən azad ediləcək? | Banco.az

2024-cü ildən əmanətlər yenidən vergidən azad ediləcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az 

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə fiziki şəxslərin depozitləri 147,3 milyon manat azalaraq 12 milyard 271,1 milyon manata düşüb.

Statistikaya əsasən, müddətli əmanətlər 147,7 milyon manat azalaraq 6 milyard 597,7 milyon manata geriləyib. Tələbli əmanətlər isə 0,4 milyon manat artaraq 5 milyard 673,4 milyon manat olub.Oktyabrda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 5,8 milyon manat artaraq 292,9 milyon manaat çatıb. Oktyabrda əhalinin banklardakı cəmi əmanətləri (fiziki şəxslərin və sahibkarlıqla məşğul olan fiziki şəxslərin cəmi depozitləri) 141,4 milyon manat azalaraq 12 milyard 564,1 milyon manata geriləyib.

Ekspertlər hesab edir ki, əhalinin banklara olan inamının azalmasına səbəb son günlərdə bağlanan "Muğanbank" ASC-nin lisenziyasının ləğv olunmasının da təsir edə bilər.

Bu barədə Banco.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, 2023-cü ilin fevral ayından depozitlərə tətbiq edilən vergi güzəştərinin ləğv olunması  vətəndaşların kommersiya banklarında depozitlərin azalmasına təsir etdi:

“ Biz o zaman da vergi güzəştlərinin ləğv edilməməsini təklif edirdik.  Bildirim ki, yenidən qüvvəyə minəcək bu  sistemin tətbiqi 2024-cü ilin yanvarın birindən depozitlərə vergi güzəştləri bərpa etməyə şərait yaradacaq. Depozitlərə vergi güzəştlərinin ləğvi praktiki olaraq həm iqtisadi, həm psixoloji baxımdan təsir göstərdi. Hesab edirəm ki, gələn ildən etibarən güzəştlərin tətbiqi yenidən vətəndaşların banklarda depozit yerləşdirilməsinə marağını artıracaq”.

Vüqar Bayramov qeyd etdi ki, bu sistemin işə düşməsi nəticəsində nisbətən orta məbləği depozitlərin banklara yenidən cəlb olunmasına imkan yaranacaq:

“Düzdür, nəzərə alsaq ki, burada aylıq gəlir 200 manatadək olan hissəsi vergidən azad olunacaq. Həmçinin vətəndaş öz depozitini 18 ay və daha artıq yerləşdirirsə, yenə də tam olaraq vergi güzəşti əldə edə biləcək. Başqa sözlə, pulunu banka 18 aydan çox müddətə qoyan vətəndaşların əldə etdikləri faiz gəlirlərindən 3 il ərzində vergi tutulmayacaq.  Ümumiyyətlə, cari ilin fevral ayında bank depozitləri üzrə vergi güzəştlərin tam ləğvi deyil, dəyişdirilməsi məqsədəuyğun idi. Hər halda gözlənti ondan ibarətdir ki, gələn ildə yenidən depozit yerləşdirilməsinə marağın artması müşahidə olunacaq”, -deyə iqtisadçı qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdəki çıxışında fiziki şəxslərin banklardakı əmanətlərinin 75 faizinin 30 000 manata qədər olduğunu, bu ilin fevral ayında vergi güzəşti bitdikdən sonra bu məbləğə qədər olan depozitlərin sayının və həcminin artım tempinin azaldığını bildirib.

Mərkəzi Bankın məlumatına görə, oktyabr ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 12 milyard 705,5 milyon manatdır ki, bunun da 10 milyard 52,6 milyon manatı qısamüddətlidir. Bu da banklara uzunmüddətli kreditlər verməyə əngəl törədir. Ekspertlər hesab edir ki,  təklif edilən sözügedən dəyişiklik vətəndaşların banklara əmanət yerləşdirilməsini stimullaşdıra bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et