2024-cü ildə qeyri-neft ixracatının artırılması əsas iqtisadi hədəflərdəndir | Banco.az

2024-cü ildə qeyri-neft ixracatının artırılması əsas iqtisadi hədəflərdəndir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə inteqrasiyası davamlı və yüksək iqtisadi artıma xidmət edən əsas məqsədlər sırasında yer alır.

Göstərilən hədəflərə çatmaq üçün aparılan islahatlar artıq öz müsbət nəticələrini büruzə verib.

Banco.az xəbər verir ki, bu sahədə ötən ilin statistik göstəricilərini iqtisadçı, millət vəkili Vüqar Bayramov  açıqlayıb.

İqtisadçı vurğuladı ki, Azərbaycanın qeyri-neft ixracatı 2023-cü ilin ilk 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 10.5 faiz artaraq 3.033 milyard dollara çatıb:

“Qeyri-enerji ixaracatının 33.1 faizi Rusiyanın, 24.0 faizi Türkiyənin, 9.9 faizi Gürcüstanın, 5.1 faizi İsveçrənin, 3.0 faizi Qazaxıstanın, 2.5 faizi Türkmənistanın, 2.4 faizi Ukraynanın, 2.0 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb. Bu dövrdə bir sıra qeyri-neft məhsullarının ixracatında artım qeydə alınıb. Belə ki, meyvə ixracı 22,0 faiz, təzə tərəvəz – 4,2 faiz, meyvə və tərəvəz şirələri – 38,7 faiz, meyvə və tərəvəz konservləri – 23,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 13,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 40,3 faiz, polipropilen – 73,6 faiz, polietilen – 32,6 faiz, sement klinkerləri – 17,6 faiz, pambıq ipliyi – 35,6 faiz, bentonit gili – 2,6 faiz artmışdır”.

Bütün bunlar ilə yanaşı bəzi ixrac məhsullarımızda azalma qeydə alınıb. Həmin məhsullar aşağıdakılardır:

Kartof ixracı 9,0 faiz, şəkər – 30,5 faiz, bitki yağları – 28,7 faiz, çay – 62,2 faiz, tütün – 63,4 faiz, pambıq lifi – 9,1 faiz, emal olunmamış alüminium – 19,6 faiz, mineral gübrələr – 9,6 faiz, qara metallardan çubuqlar – 18,6 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalmışdır.

Statistikadan göründüyü kimi, çay və tütün ixracatında daha kəskin azalma qeydə alınıb. Vüqar Bayramov qeyd edib ki, bu məhsulların ixracatında azalma 60 faiz üstündədir:

“Qeyri-neft ixracatının artırılması və ixracatın strukturunun şaxələndirilməsi iqtisadi prioritetlər sırasındadır. Bu baxımdan, iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığın aradan qaldırılması 2024-cü ilin də əsas iqtisadi hədəflərindədir”.