Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Yola saldığımız 2023-cü ildə dünyada bir çox iqtisadi hadisələrlə yadda qaldı.
Banco.az xəbər verir ki, baş verən geosiyasi hadisələr fonunda iqtisadçı Eldəniz Əmirov 2024-cü ilin iqtisadi proqnozlarını verib.
O hesab edir ki, gələn il həm ölkəmiz, həm də dünya iqtisadiyyatı üçün bir qədər çətin keçəcək:
"Çətin olmasaydı, nə Dünya Bankı, nə Beynəlxalq Valyuta Fondu, nə Maliyyə Nazirliyimiz və Mərkəzi Bankımız il ərzində proqnoz göstəricilərini dəyişdirməzdilər. Eləcə də, ilin ortasında dövlət büdcəsinin proqnozları yenilənməzdi. Dünya siyasi arenasında baş verən hadisələr fonunda bazar konyukturasında yaranan kəskin fərqli dinamika bütün iqtisadi proqnozları alt-üst edəcək".
İqtisadçı hesab edir ki, hazırkı qlobal geosiyasi risklər şəraitində dünya iqtisadiyyatından gözləntilər böyükdür:
"Qarşıdan gələn il qlobal iqtisadiyyatda inflyasiyanın eniş sürətinin 2023-cü illə müqayisədə azala bilər. FED, ECB və digər mərkəzi bankların uçot dərəcəsinin azaltması prosesinin davam etməsini, qloballaşmadan “yorulan” dünya iqtisadiyyatının ayrı-ayrı bloklara bölünməsi prosesinin sürətləndirir. Çinin böyümə imkanlarının bu ildə zəifləməsi dünyada ümumi iqtisadi artımın 2,5% ətrafında olması mümkün görünür. Pessimist ruhlu beynəlxalq qurumların və onların ekspert komandasının özünü doğrultmayan qlobal böhran proqnozlarınin 2024-cü ildə tamamilə mənasız olduğunun təsdiqlənməsini proqnozlaşdıra bilərik”.
Ekspert qeyd edib ki, gələn il Amerikada, Rusiyada, Hindistanda və Avropa Parlamentinə keçiriləcək seçkilərdə iqtisadiyyata təsir edə bilər:
“Surpriz neqativ hadisələr, dünyaya təsir etmək gücündə olan subyektlərin fəsadlı planları üzə çıxmasa 2024-cü ilin dünya üçün iqtisadi cəhətdən son beş ilin (2020-2024) ən pozitiv iqtisadi ili olacağını ehtimal etmək olar".
Bizi sosial şəbəkələrdən izləyin!!