Müəllif: Gülbəniz Hüseynli/ Banco.az
“Bitcoin” 2023-cü ildən bəri ən yüksək qiymət həddini oktyabr ayının son iki həftəsində yaşayıb.
Banco.az-ın məlumatına görə, oktyabr ayının sonunda “Bitcoin” 27% artaraq əsas investisiya alətləri arasında ən gəlirli maliyyə aktivi olub.
Ötən həftə “Bitcoin”in qiyməti, 24 saat ərzində 12,4 faiz artıb. Nəticədə, 34 min dolların üzərinə yüksələn “Bitcoin” 34 min 432 dollardan alınıb.
Makro gündəm baxımından olduqca gərgin olan bu həftə ərazində ABŞ Mərkəzi Bankı Fed-in noyabr ayı üçün faiz qərarını gözləməkdədir. Son siqnallara və məlumatlara görə, noyabr iclasında faiz dərəcəsinin 5,5% səviyyəsində sabit qalacağı gözlənilir.
Analitiklər hesab edir ki, bu görüşdən sonra Ceremi Povelin çıxışında gələcəyə hesablanmış mesajlar verilə bilər. Ehtimal olunur ki, “Bitcoin” bu mesajlardan təsirlənəcək. Fed-in güclü faiz artırmasına baxmayaraq, ABŞ iqtisadiyyatı kifayət qədər dayanıqlı və güclü görünür.
Ümumiyyətlə, analitiklər 2024- cü ildə kriptovalyuta bazarında konkret yüksəlişlərin olacağı qənaətindədirlər.
Analitiklər həmçinin qeyd ediblər ki, Yaxın Şərqdə baş verən gərginlik fonunda “Bitcoin”ə tələb artıb.
Digər tərəfdən bazar dəyərinə görə ikinci yerdə olan “Ethereum” son 24 saatda 7,54 faizdən çox dəyər qazanaraq 1820 dollar səviyyəsinə çatıb.
Kriptovalyuta üzrə ekspertlər hesab edir ki, yaxın gələcəkdə qiymətlərin yenidən artımı müşahidə ediləcək. Vəziyyətin müsbət dinamika ilə inkişafı üçün həm ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) uçot faiz dərəcəsini endirməli həm də SEC dünyanın ən böyük investisiya nəhənglərindən biri olan “BlackRock”un "spot bitcoin ETF"i üçün müraciətinə müsbət qərar verməlidir.
Qeyd edək ki, 2023-cü ilin avqust ayında “Bitcoin” "Moody's" reytinq agentliyinin ABŞ-ın on orta və kiçik bankının kredit reytinqini aşağı salması xəbəri fonunda 2.89% bahalaşaraq 29.7 min dollara çatıb. Kriptovalyutanın qiyməti səhər saatlarında 30 min dollar səviyyəsinə çatmışdır. Bakı vaxtı ilə saat 12:15-də “Bitcoin” təqribən 29,7 min dollar səviyyəsində ticarət olunur.
“Solana” (SOL) və “Polygon” (MATIC) müvafiq olaraq 7.48% və 4.96%, ən böyük mərkəzləşdirilməmiş birja “Uniswap” (UNI) tokeni isə 4.30% bahalaşmışdı.
Xatırladaq ki, 2021-ci ilin noyabrında 68 990 dollara qədər bütün zamanların ən yüksək həddi olan “Bitcoin” həmin tarixdən etibarən dəyərinin təxminən 50 faizini itirib. 2022-ci ilin iyun ayında 10 faiz ucuzlaşan “Bitcoin”in birja dəyəri 22,6 min dollar düşüb. Həmin vaxt “Bitcoin”in ucuzlaşmasına səbəb kimi riskli aktivlərdə tənəzzül narahatçılığının güclənməsi qeyd olunub. Uzunmüddətli dövrdə götürdükdə isə “Bitcoin”in qiyməti 2021-ci ilin noyabrın 8-də 67,5 min dollar yüksəldikdən sonra enişə keçib. 2022-ci ilin son yeddi ayında “Bitcoin”in dəyəri 45,5 min dollar, yəni 3 dəfədən çox azalıb.Bu ucuzlaşma nəticəsində kriptovalyuta bazarının ümumi həcmi 1 trilyon dollardan aşağı düşüb.