2023-cü ildə Avropada turistlərə tətbiq edilən ən qəribə qadağalar | Banco.az

2023-cü ildə Avropada turistlərə tətbiq edilən ən qəribə qadağalar

Müəllif: Gülnar Əhmədli, Banco.az

COVID-19 pandemiyası bütün dünyaya dərindən təsir etdi və həyatımızda əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Pandemiyanın izləri getdikcə aradan qalxır. Bu özünü ən çox turizmdə büruzə verib. Belə ki, Avropaya pandemiya dövründə səyahət edə bilməyən turistlər 2023-cü ildə aktivliyin artmasına səbəb olub. Bu səbəblə ortaya çıxan turist sıxlığı Avropanın bəzi məşhur tətil yerlərinə axın edən ziyarətçilər üçün ciddi qaydaların tətbiq edilməsinə də gətirib çıxardı. Bəzi bölgələrdə turist vergiləri artırıldı, bəzi bölgələrdə ziyarətçilərin sayına məhdudiyyətlər qoyuldu.

Bununla belə, turist kütləsindən yayınmaq üçün daha maraqlı üsullardan istifadə edənlər də var idi. Turistlərin bəziləri yüksək səsli musiqi dinlədiyinə, bəziləri isə selfi çəkdirdiyinə görə cərimələnib. 2023-cü ildə Avropada turistlərə qoyulan ən qəribə qadağalar bunlardır:

1. Sardiniyada çimərliklərdə dəsmaldan istifadə qadağan olub

2023-cü ildə tətbiq edilən ən maraqlı turizm qadağaları siyahısında ilk qadağa İtaliyanın Sardiniya adasında həyata keçirilib. Yerli hökumət yay aylarında bölgədə turist sıxlığını azaltmaq üçün adadakı çimərliklərdə dəsmallardan istifadəni qadağan edib. Turistlərdən çimərliklərə dəsmal əvəzinə daha az qum saxlayan həsirlər gətirmələri istənilib. Bundan əlavə, adanın çəhrayı rəngi ilə məşhur olan "Spiaggia Rosa" çimərliyi qadağan edilmiş ərazi olaraq qalıb. Burada gəzənlər 500 avro, qum oğurlayarkən tutulanlar isə 3500 avro cərimə olunub.

2. Portuqaliya çimərliklərində musiqi dinləyən turistlər 36 min avro cərimələnib

İnanılmaz dərəcədə gözəl çimərlikləri ilə əhəmiyyətli bir cazibə mərkəzi olan Portuqaliyada da 2023-cü ilə xas bir turist izdihamı yaşanıb. Bu səbəblə Portuqaliya Milli Dəniz İdarəsi çimərliklərdə yüksək səsli musiqinin səsləndirilməsini qadağan edib. Müvafiq olaraq, yüksək səslə musiqi yayımlaya bilən portativ dinamiklər də qadağan edilib. Qadağaya əməl etməyənlər 36 min avroya qədər cərimələnib.

3. Portofinoda "gözləmək" qadağan edilib

İtaliyanın Portofino bölgəsi də 2023-cü ildə turist axını ilə üzləşib. Hətta Portofinodakı izdiham səbəbindən bəzi yerlərdə gəzmək belə mümkünsüz olub. Təbii ki, yerli əhali həm bu inanılmaz izdihamdan, həm də kütlənin yaratdığı problemlərdən çox gileylənirdi. Şəhərin meri gündəlik həyatı iflic edən insanların izdihamının qarşısını almaq üçün bəzi ərazilərdə "gözləməyi" qadağan edib. 2023-cü ilin ən maraqlı turizm qadağaları arasında yer alan bu qayda səhər saat 10:30-dan axşam saat 18:00-a qədər həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

4. Avstriyanın Hallstatt şəhərində selfi çəkmək istəyən turistlərin qarşısı alınıb

Avstriyanın Salzkammergut bölgəsindəki Hallstatt gölünün sahilində yerləşən Hallstatt şəhəri ziyarətçilərinə füsunkar təbiət mənzərəsi bəxş edən bir yerdir. Bu kiçik şəhəri hər il 1 milyondan çox turist ziyarət edir. Təbii ki, bu o deməkdir ki, hər il ərazidə saysız-hesabsız selfi çəkilir. Ancaq bu il yerli sakinlər turistlərin çoxluğundan qaçmaq üçün onların selfi çəkməsinə mane olmaq qərarına gəliblər. Necə? Turistlərin cəmləşdiyi ərazilərdə maneələr qoymaqla! Lakin yerli xalqın qəbul etdiyi bu qeyri-rəsmi qadağa qərarı sosial mediadakı reaksiyalardan və maneələrin aradan qaldırılmasından sonra sona çatıb.

5. Mayorka çimərliklərində saxta xəbərdarlıq lövhələri qoyulub

İspaniyanın Mayorka çimərliklərində yaranan qadağanı 2023-cü ilin ən maraqlı turizm qadağaları sırasına daxil etməmək mümkün deyil. Bölgədəki turist sıxlığını azaltmaq istəyən ispanlar çimərliklərə saxta xəbərdarlıq lövhələri yerləşdiriblər. Bu lövhələrin üzərində ingilis dilində "təhlükəli meduza", "qaya parçaları" kimi xəbərdarlıq ifadələri və dəniz suyunun kanalizasiya ilə çirklənməsi ilə bağlı sözlər yazılıb. Təbii ki, bunların heç biri real deyildi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et