2020-ci ildə könüllüləri hansı perspektivlər gözləyir? | Banco.az

2020-ci ildə könüllüləri hansı perspektivlər gözləyir?

2019-cu il Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan inqilabi islahatlarla yadda qaldı. İlin yekununda isə dövlət başçısı 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzaladı. Bu, yeni ilin məhz gənclərin ili olacağına növbəti mesaj idi.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Kommunikasiya Departamentinin rəhbəri Zənurə Talıbova Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə bağlı Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib.

- Dünyada könüllük fəaliyyəti necə yaranıb və onun Azərbaycana keçidinə zərurət nə vaxt yaranıb?

- Tarixə nəzər salsaq görərik ki, könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda başlayıb. XX əsrin ikinci yarısından etibarən isə könüllülük həmrəylik və sosial məsuliyyətlə birlikdə sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Azərbaycanda isə könüllülük hərəkatında yüksəliş ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Gənclər Forumunun keçirilməsi, “Gənclər günü”nün təsis edilməsi 1995-1996-cı illərin ictimai-siyasi gərginliyində ruhdan düşən gənclər üçün bir işıq oldu. Təhsilini yarımçıq qoyaraq, az məvacibli iş yerlərini tərk edərək ölkədən kənara üz tutan gənclərdə ruh yüksəkliyi yarandı. Həmin dövr yeni təşəbbüslərdə iştirak, yeni iş yerlərinin yaranması və gənc sahibkarlığın inkişafı ilə yadda qalıb. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə könüllü komandası yaradılıb. Bu, Prezident İlham Əliyev siyasətinin də prioritet istiqamətidir.

- Artıq müasir Azərbaycanda könüllülük fəaliyyəti daha təşkilatlı, mütəşəkkil hal alıb...

- Bəli, artıq Azərbaycanın ən uğurlu layihəsi olan “ASAN xidmət”i könüllülərsiz təsəvvür edə bilmirik. Könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyən 10 mindən artıq gənc bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışır. "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunub. 2019-cu ildə 3 minə yaxın gəncin iştirakı ilə Könüllülərinin II Həmrəylik Forumu keçirildi. 30 minə yaxın gənc müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətinə cəlb edildi.

- Dediniz ki, minlərlə gənc könüllülük fəaliyyəti ilə maraqlanır, proqramlarda iştirak edir. Onları cəlb edən nədir?

- Əslində Könüllülük fəaliyyəti dünyada çox geniş yayılıb. Müxtəlif qurumlar, ictimai təşkilatlar kommunikasiyanın təmin olunması, ölkələrin PR-nın qurulması, yaxud digər səbəblərdən könüllülük şəbəkələri yaradır, təmənnasız fəaliyyəti təmin edir. Burada gənclərin yeni ölkələrə səyahət etmək, dil öyrənmək, yeni tanışlıq imkanları sərhədsizləşir. Potensiallı kadr, təcrübə, məlumat mübadiləsi yaranır. Azərbaycanda da belə fəaliyyətlə özünə iş imkanı, təcrübə qazanan minlərlə gənci nümunə göstərmək olar. ASAN Könüllüləri hərəkatı, “Regional İnkişaf” İctimai Birliyinin birinci konfransı könüllülərə daha geniş təcrübə mübadiləsi aparmaq üçün əlavə imkanlar yaradır. Əsas məqsəd həm paytaxtda, həm də regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdir. Vətəndaşlarla ünsiyyət, onlara xidmət, dövlət-özəl qurumların fəaliyyətinin yaxından öyrənilməsi həm də potensiallı kadrların yetişməsi deməkdir. Digər tərəfdən tam sağlam, təmənnasız rəqabət mühiti üçün şərait yaranıb. Bacarıqlı və çalışqan gənclər özlərini yaxşı mənada göstərə bilir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkəmizdə müxtəlif sahələrdə beynəlxalq tədbirlərin təşkili könüllük fəaliyyətini daha da zəruri edir. Məsələn, I Avropa Oyunları, FIFA U‐17 Qadınlararası Dünya Çempionatı, Formula‐1 Avropa Qran‐prisi, İslam Həmrəyliyi Oyunları, Sənət aşiqi könüllülər.... Bu siyahını xeyli uzatmaq olar. Onlarla belə beynəlxalq səviyyəli tədbirdə Azərbaycandan on minlərlə gənc könüllü kimi iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

- Sizcə, könüllülər necə olmalıdır?

- Son zamanlar dəbdə olan həyat kouçların belə bir fikri mənim diqqətimi cəlb edib: “Bacarmadığın və edə bilmədiyin məqamlara deyil, bacardıqlarınıza və uğurlarınıza fokuslanın”. Hesab edirəm ki, könüllülük fəaliyyəti ilə bağlı tədbirlər planının təsdiqi geniş anlamda bu istiqamət üçün motivasiya və fürsətdir. Könüllü fəaliyyət göstərirsən, axtarırsan, araşdırırsan, paralel olaraq, uğurlu bildiyin məqamların siyahısını hazırlayırsan və daha inamlı addım atırsan.

- Bildiyimiz qədər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətində də könüllülər yaxından iştirak edir.

- Təbii ki. Biz bu axından geri qala bilməzdik. 2016-cı ildə Prezidentin Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılandan sonra, 300-dən artıq gənc, ictimai fəal üçün bizimlə bərabər aktiv təcrübə keçmək imkanı yarandı. Yəni ilk islahat könüllüləri məhz bu Mərkəzdə olub. Bir faktı qeyd edim ki, hazırda aktiv fəaliyyət göstərən Azexport.az, EnterpriseAzerbaijan.com portallarının yaradılmasında, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyətində könüllülər yaxından iştirak edib. Onlardan bir qismi İİTKM-də işlə təmin olunub, digər hissəsi isə fərqli dövlət və özəl qurumlarda işləmək imkanı əldə edib. Hazırda İİTKM-in təkcə Kommunikasiya Departamentində fəaliyyət göstərən könüllülərə PR, kommunikasiya, təşkilatçılıq, media monitorinq barədə təkcə nəzəri məlumatlar verilmir. Onlar eyni zamanda bu işi özləri icra edirlər. Beləliklə də, karyera qurmaq üçün daha inamlı olur, faktiki potensial kadra çevrilirlər.

- Söhbət əsnasında könüllülərə dövlət dəstəyinin önəmini xüsusi vurğuladınız. Bəs sizcə, 2020-ci ilin Könüllülər ili elan olunması könüllülərə nə verəcək?

- Bu suala cavab vermək üçün ilk növbədə Azərbaycanda artıq 2009-cu ildən mövcud olan “Könüllü fəaliyyət haqqında” Qanuna nəzər yetirmək kifayətdir. Burada könüllülük fəaliyyətinin təmin olunması, inkişafı üçün hər bir məqam var. Qanunda könüllü fəaliyyətinin istiqamətləri, iştirakçıları, təşkilatçılarının hüquqları və vəzifələri, könüllülərin özlərinin hüquq və vəzifələri, beynəlxalq vəzifələri, yəni hər bir detal sistemli şəkildə əhatə olunub. Könüllülük hərəkatının hazırki inkişafı da məhz sistemli və zəncirvari işin nəticəsidir. Artıq hətta məktəblilər belə könüllü fəaliyyətinə cəlb olunur. Bu isə o deməkdir ki, hər bir şəxs şüurlu şəkildə, könüllü fəaliyyətin nəticəsi olaraq öz işini, peşəsini, təhsil və karyerasını seçə bilir, xəyal etdiyi sahə üzrə özünü sınayır, işləyir. Həmin iş onun şəxsi fəaliyyətinə uyğun gəlmirsə, istiqamətini dəyişir. Artıq başqa sahə üzrə özünü sınayır və nəhayət, gələcək karyerasını yüksək səviyyədə qurmaq imkanı əldə edir. Beləliklə, könüllük fəaliyyəti hər bir gəncin uğurlu fəaliyyətinin başlanğıcı, istənilən hüquqi və fiziki şəxsin həyatında dönüş nöqtəsi olur.

Ən sərfəli krediti almaq üçün müraciət et