2019-da da Azərbaycanda neft hasilatının azalacağı gözlənilir | Banco.az

2019-da da Azərbaycanda neft hasilatının azalacağı gözlənilir

2019-cu ildə Azərbaycanda orta gündəlik neft hasilatı 776,5 min barel təşkil edəcək. Bu barədə energetika nazirinin müşaviri, Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.

“Cari ildə Azərbaycanda gündəlik 776,5 min barel neft hasil edilməsi planlaşdırılır. Bütövlükdə, bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda iki platformada profilaktik təmir işlərinin planlaşdırılması səbəbindən neft hasilatının 2018-ci illə müqayisədə cüzi həcmdə azalacağı gözlənilir”, - deyə Z.Əliyeva qeyd edib.

Onun sözlərinə görə, təsdiqlənmiş yanacaq-enerji balansına əsasən, 2019-cu ildə ölkədə neft hasilatı 37 mln. 989,8 min ton həcmində proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2018-ci ildə Azərbaycanda 38,758 mln. ton neft hasil edilib. Beləliklə, 2019-cu ildə hasilat 2018-ci illə müqayisədə 2% azalacaq.

Daha əvvəl BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə istinadən bildirilib ki, II rübdə “Mərkəzi Azəri”, IV rübdə isə “Qərbi Çıraq” platformasında profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır. Bu müddət ərzində qeyd olunan platformalardan hasilat dayandırılacaq.

2018-ci ildə Azərbaycanda gündəlik 792,6 min barel, 2017-ci ildə 781,9 min barel neft hasil olunub.

© İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et