2017-də qiymətli kağızlar bazarında artım olmuşdur | Banco.az

2017-də qiymətli kağızlar bazarında artım olmuşdur

2017-ci ildə qiymətli kağızlar bazarında artımla yanaşı, pozitiv kəmiyyət və keyfiyyət dəyişiklikləri qeydə alınmışdır. Palatadan banco.az-a verilən məlumata görə, 2017-ci ildə qiymətli kağızlar bazarı 2016-cı illə müqayisədə 12% artaraq 15,7 mlrd. manat təşkil etmişdir. Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artmışdır.

Korporativ qiymətli kağızlar

Ötən il ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri nəticəsində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əqdlərin məbləği 2,2 dəfə artaraq 2 mlrd. manatı üstələmişdir. Xüsusilə banklar tərəfindən kapital tələblərinin təmin edilməsi məqsədilə nizamnamə kapitallarının artırılması səhm bazarının artımını şərtləndirən mühüm amil olmuşdur. Korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarı ötən illə müqayisədə 79% azalaraq 1,6 mlrd. manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

 

Dövlət qiymətli kağızları

Hesabat dövründə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə not buraxılışları dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən etmişdir. Belə ki, dövlət istiqrazları bazarı 48%, not bazarı isə 19,4 dəfə artmışdır. Hesabat dövründə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə fond birjasında 50 hərrac keçirilmiş və nəticədə ilkin bazarda əqdlərin həcmi ötən illə müqayisədə 19,3 dəfə artaraq 5,2 mlrd. manat olmuşdur. Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə fond birjasında keçirilmiş 45 hərracda bağlanmış əqdlərin həcmi ötən illə müqayisədə 89% artaraq 795 mln. manat təşkil etmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et