2017-ci ildə REKORD sayda ipoteka kreditləri verilmişdir | Banco.az

2017-ci ildə REKORD sayda ipoteka kreditləri verilmişdir

2017-ci il ölkəmizdə dərin və köklü iqtisadi islahatlar ili kimi tarixə düşmüşdür. Sosial və iqtisadi həyatın müxtəlif sahələrində həyata keçirilmiş yeniliklər və təkmilləşdirmə işləri "Azərbaycan İpoteka Fondu" ASC-nin əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətində də öz əksini tapmışdır. Ötən il həm təşkilatın fəaliyyəti ilə bağlı, həm də ümumilikdə ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunmuşdur. 

Həyata keçirilən iqtisadi islahatlar çərçivəsində Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması və eyni zamanda iqtisadi inkişafın dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin də icrasına başlanılmışdır.

İpoteka kreditləşməsi sisteminin və ipoteka bazarının effektivliyinin təmin edilməsi Strateji yol xəritəsində prioritet istiqamətlərdən biri olaraq qeyd edilmiş və “Azərbaycan İpoteka Fondu" ASC əsas icraçı təşkilatlardan biri müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yaradılmış İşçi qrupu çərçivəsində Strateji yol xəritəsinin icrası ilə əlaqədar zəruri araşdırmalar aparılmış və bunun əsasında müvafiq təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim edilmişdir.

Aparılan iqtisadi islahatların davamı olaraq, ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi alətlərlə daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr  tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaradılmışdır.

Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə  müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxs kimi yenidən təşkil edilmişdir.

Fondun fəaliyyətinin təmin edilməsi məqsədilə nizamnamə kapitalının “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitallarının ümumi məbləği həddində (466,0 mln.manat)   formalaşdırılması nəzərdə tutulmuşdur.  Qeyd etmək lazımdır ki,  2006-2017-ci illər ərzində dövlət büdcəsindən "Azərbaycan İpoteka Fondu" ASC-nin nizamnamə kapitalının formalaşdırılması üçün 366 mln.manat məbləğində vəsait ayrılmışdır.

2017-ci ildə də əvvəlki illərdə olduğu kimi yaradılmış yeni təşkilatın hüquqi varisi olduğu "Azərbaycan İpoteka Fondu" ASC (Cəmiyyət) tərəfindən əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli ipoteka kreditlərinin verilməsi və ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunması istiqamətində işlər davam etdirilmişdir. 

Ötən ildə Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədilə maddi-texniki bazasının təkmilləşdirilməsi həyata keçirilmiş, Cəmiyyətin idarəetmə orqanları tərəfindən ipoteka kreditləşməsi ilə, eləcə də müxtəlif istiqamətlər üzrə zəruri qayda və prosedurlar təsdiq edilmişdir.                  

Qeyd olunduğu kimi, 2017-ci ildə ölkədə ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi, əhalinin ipoteka kreditlərinə çıxışının genişləndirilməsi məqsədilə əhəmiyyətli qərarlar qəbul olunmuş, bir sıra yeniliklər tətbiq edilmişdir:

 

  • "Elektron ipoteka" sisteminin “Elektron hökumət” portalında inteqrasiyası

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə ipoteka kreditləşməsi mexanizmlərinin təkmiləşdirilməsi və bu sahədə şəffaflığın artırılması çərçivəsində, 01 yanvar 2017-ci il tarixinədək “Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və “Elektron hökumət” portalına inteqrasiyası, müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanının təmin edilməsi tapşırılmışdır. Verilmiş tapşırıqların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il  24 noyabr tarixli 1126 nömrəli Fərmanı ilə “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edilmişdir.

        Qeyd olunanlarla əlaqədar, verilmiş tapşırıqların icrası olaraq Cəmiyyətdə mövcud elektron sistemin “Elektron ipoteka” sistemi haqqında Əsasnamə"yə uyğunlaşdırılması və “Elektron hökumət” portalına inteqrasiya işləri tamamlanaraq,  01 avqust 2017-ci il tarixindən əhalinin istifadəsinə verilmişdir.

 

  • Güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1530 nömrəli və 2017-ci il 21 iyul tarixli 1560 nömrəli Fərmanları ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na müvafiq dəyişiklər edilmiş, güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin dairəsi genişləndirilmiş, 15 il dövlət qulluğunda qulluq edən şəxslərlə yanaşı, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, eləcə də ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər də güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsinə daxil edilmişdir.

 

  • Qabaqcadan qeydiyyat mexanizminin tətbiqi

Azərbaycan Respublikasının Prezidentinin 04 aprel 2017-ci il tarixli fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda müvafiq dəyişiklik edilmiş, ipoteka kreditilərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahələri ilə yanaşı, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahələrinin alınmasına verilməsi də nəzərdə tutulmuşdur. Dəyişikliklərlə əlaqədar, Cəmiyyət tərəfindən "Mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınmış mənzillərin ipoteka kreditləri vasitəsilə alınmasına dair Prosedurlar" təsdiq edilmiş, mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınmış yeni mənzillərin də alınmasına ipoteka kreditlərinin verilməsinə başlanılmışdır. 2017-ci il ərzində qabaqcadan qeydiyyat mexanizmi ilə 34,9 mln.manat məbləğində ipoteka krediti verilmişdir. 

 

  • Təmirsiz yaşayış sahələrinin ipoteka kreditləşməsinə cəlbi

Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2017-ci il tarixli fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən yaşayış sahəsinin təmirli olmasına dair tələb ləğv edilmişdir. Bununla yanaşı adi ipoteka kreditləri hesabına alınacaq yaşayış sahələrinin orta bazar qiyməti ilə bağlı tələb aradan qaldırılmışdır. Qeyd olunanlar əhalinin, ipoteka kreditləri vasitəsilə mənzil almaq imkanlarının, o cümlədən ipoteka kreditlərinin əhatə dairəsinin genişləndirilməsinə zəmin yaratmışdır.

 

 

 

  • Kredit məbləğinin artırılması

İpoteka kreditləşməsinin effektivliyinin və əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə adi ipoteka kreditləri üzrə maksimal məbləğ 100 000 manatdan 150 000 manatadək artırılmış, maksimal faiz dərəcələri isə dəyişdirilmədən (ipoteka kreditləri - illik 8%, güzəştli ipoteka kreditləri - illik 4%) saxlanılmışdır.

 

 

Ən sərfəli kredit üçün müraciət et

  • İpoteka kreditlərinin verilməsi infrastrukturunun genişləndirilməsi

Dövr ərzində Cəmiyyət tərəfindən daha 5 bank, 1 sığorta şirkəti və 6 qiymətləndirici şirkət Cəmiyyətin müvəkkil təşkilatları siyahısına əlavə edilmiş və beləliklə, ipoteka krediti verən müvəkkil bankların sayı 23-ə ("Caspian Development Bank" ASC "Atabank" ASC-yə qoşulmuş, "Dəmirbank" ASC-nin bank lisenziyası ləğv edilmişdir), sığorta şirkətlərinin sayı 17-yə, qiymətləndirici şirkətlərin sayı isə 14-ə çatdırılmışdır.

 

  • İpoteka istiqrazlarının emissiyası

2016-cı ilin noyabr ayında adi ipoteka kreditlərinin verilməsi məqsədilə Cəmiyyət tərəfindən 10 il müddətinə 50 mln.manat məbləğində illik 3% dərəcəsi ilə ölkədə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlanılmışdır.

2017-ci il ərzində isə illik 3% dərəcəsi ilə  ümumi həcmi 250 mln.manat olan ipoteka istiqrazlarının 2-ci, 3-cü və 4-cü emissiyası həyata keçirilmişdir. Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Cəmiyyət tərəfindən cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 mln.manata çatmışdır. Cəlb olunmuş vəsaitlərdən 120,4 mln.manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Hazırda Cəmiyyətin dövriyyədə olan istiqrazlarının həcmi 534,6 mln.manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir. 

Qeyd etmək lazımdır ki, 2009-cu ildən etibarən Cəmiyyət tərəfindən istiqraz emissiyası üzrə investorlara 67,0 mln.manat məbləğində kupon (faiz) ödənişləri həyata keçirilmişdir.

 

  • Zəmanət mexanizminin tətbiqi

       Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşmışdır. Cəmiyyət ilə Dünya Bankı arasında imzalanmış birgə əməkdaşlığa dair saziş çərçivəsində qabaqcıl beynəlxalq təcrübə araşdırılmış, Dünya Bankının mütəxəssislərinin iştirakı ilə zəmanətlərin verilməsi üzrə müvafiq qaydaların layihəsi hazırlanmış, eləcə də risklərin idarə edilməsi üzrə baza modeli və müvafiq mexanizm formalaşdırılmışdır. İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.

Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaqdır.

 

  • İpoteka kreditlərinin verilməsi

İpoteka kreditlərinin verilməsi sahəsində yeniliklərin tətbiqi, prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaratmışdır. Nəticədə, əvvəlki illərlə müqayisədə 2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilmişdir.

2017-ci il ərzində müvəkkil banklara ümumi məbləği  859,7 mln. manat təşkil edən 12702 sayda müraciət daxil olmuş, 203,1 mln.manat məbləğində isə 3109 ipoteka krediti verilmişdir.

Ötən il ərzində verilmiş kreditlərin 1076 ədədi (70,6 mln.manat) güzəştli ipoteka kreditlərinin payına düşmüşdür. Qeyd etmək lazımdır ki, Cəmiyyətin vəsaiti hesabına güzəştli ipoteka kreditlərinin verilməsinə 2007-ci ildən başlanılmışdır. Güzəştli kreditlər dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir və  dövlət büdcəsindən Cəmiyyətə ayrılmış vəsaitlər tam şəkildə bu kreditlərin maliyyələşdirilməsinə yönəldilir.

2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 mln.manat) Cəmiyyət tərəfindən maliyyələşdirilmişdir.

Ümumilikdə, 2006-2017-cı illərdə Cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln.manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olmuşdur. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil etmişdir.

İpoteka kreditlərindən faydalananların 70,3%-ni gənclər və gənc ailələr təşkil etmiş, kreditlərin 24,1%-i isə regionlarda verilmişdir.

 

  • MİDA ilə əməkdaşlıq

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiq edilmişdir. Qayda ilə inşa ediləcək mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışının  dəstəklənməsi məqsədilə bu mənzilləri almaq hüququ olan şəxslərin dairəsi güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi ilə eyniləşdirilmişdir. Gələcəkdə güzəştli şərtlərlə mənzil alacaq şəxslərə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı Cəmiyyətlə Agentlik  arasında əməkdaşlıq əlaqələrinin qurulması təmin edilmişdir.

Qaydanın tələblərinə əsasən güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi forması Agentlik ilə razılaşdırılaraq Cəmiyyətin İdarə Heyəti tərəfindən təsdiq edilmişdir. Bu müqavilə ilə Agentliyin sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılmışdır.

Eyni zamanda, Nazirlər Kabinetinin 2017-ci il 10 may tarixli 307 s nömrəli sərəncamı ilə 2017-ci ildə dövlət büdcəsindən Cəmiyyətə ayrılmış 50 mln. manatın 20 mln. manatının güzəşti şərtlərlə mənzillərin alınmasına yönəldilməsi qərara alınmışdır.

Hazırda hər iki təşkilat tərəfindən ipoteka kreditləşməsi sahəsində etibarlı məlumat mübadiləsinin təşkili məqsədilə "Elektron ipoteka" sistemi ilə "Güzəştli mənzil" sistemi arasında inteqrasiya imkanları üzrə iş aparılır.

Yuxarıda qeyd olunanlarla yanaşı, 2017-ci il Cəmiyyət üçün uğurlu maliyyə nəticələri ili kimi də xarakterik olmuşdur. Belə ki, ötən ilin sonuna 2016-cı illə müqayisədə  Cəmiyyətin aktivləri (692,1 mln.manat) 1,4 dəfə artaraq 958,2 mln.manat, illik bölüşdürülməmiş mənfəəti isə (7,1 mln.manat) 2,1-dəfə artaraq 15 mln.manat təşkil etmişdir.

2018-ci ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcəkdir. Yeni mexanizmin tətbiqi   potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et