2017-ci ildə Azərbaycanı nə gözləyir? | Banco.az

2017-ci ildə Azərbaycanı nə gözləyir?

"2017-ci il asan il olmayacaq"

Qarşıdan yeni il gəlir, lakin ölkənin iqtisadi vəziyyəti heç də ürək açan deyil. Son aylar manatın məzənnəsinin tez-tez dəyişməsi, neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi gələn ilin ölkəmiz üçün ağır olacağından xəbər verir. 

2017-ci ildə Azərbaycan manatını nələr gözləyir?

Ekspert Vüqar Bayramov Banco.az-a müsahibəsində bildirib ki, 

"2017-ci ildə də dollara olan tələbin artması davam edəcək. Nəticə etibarı ilə bu da manatın məzənnəsinin aşağı düşməsinə və ucuzlaşmasına gətirib çıxaracaqdır. Əgər neftin 2017-ci ildə dünya bazarı qiymətində kəskin dəyişiklik olmasa, ölkəyə daxil olan valyutanın da həcmində artımlar olmayacaq və bu da dollar təklifinin azalmasına, dollara olan tələbin artması fonunda dolar qıtlığının yaranmasına gətirib çıxaracaqdır.

2017-ci il də, 2016-cı ildə olduğu kimi dollara tələbin artması ilə yadda qalan olacaqdır.

Valyuta bazarında olan qıtlığa bir digər təsir Mərkəzi Bank tərəfindən olacaqdır. Mərkəzi Bankın interfensiya imkanları məhdudlaşması və son il yarımda rezervlərinin 75%-ni xərcləməsi bunu deməyə imkan verir.

Eyni zamanda Azərbaycan Dövlər Neft Fondunun 2017-ci il üçün nəzərdə tutulan büdcəsində də azalmalar var, 2017-ci ildə büdcəyə transferlər 2016-ci il ilə müqayisədə 1,5 mlrd. manat az olacaq. Nəticədə Dövlət Neft Fondu bazara daha az dollar çıxaracaq. Bu da o deməkdir ki, dollara olan tələbin ödənilməsində çətinlik yaranacaq.

Ən sərfəli kredit üçün müraciət et

Güman olunur ki, Mərkəzi Bank 2017-ci ildə tənzimlənən üzən valyuta rejimindən liberal üzən valyuta rejiminə keçəcək. Bununla da Mərkəzi Bank liberal məzənnə siyasətini formalaşdırmağa çalışacaq ki, bazarın formalaşdırdığı məzənnəni almaq mümkün olsun. Bu isə təbii ki, manatın məzənnəsinin azalması prosesini surətləndirə bilər.

Ona görə də hələlik mövcud neft bazarındakı vəziyyət manatın ucuzlaşması və dollara tələbin artması istiqamətindədir. Güman olunur ki, proses 2017-ci ildə də manatın dollar qarşısında ucuzlaşması istiqamətində davam edəcək".

"2017-ci il kommersiya bankları üçün də asan il olmayacaq"

İqtisadçı deyir ki, "Maliyyə Palatası çalışacaq ki, bankların konsolidasiya prosesini surətləndirsin. Lakin bankların birləşmədə olan marağını bu kontekstdən proqnozlaşdırmaq çətindir. Son proseslər göstərir ki, banklar birləşmədə maraqlı deyillər. Apardığımız monitorinqlərin nəticələrinə əsasən, 2017-ci ildə də bankların sayının azalacağını istisna etmirik. Təbii ki, qərarı bütün hallarda Maliyyə Bazarlarına Nəzarət Palata verəcək. Buna baxmayaraq, bazarın diktə etdiyi qərarlar olarsa,birmənalı şəkildə bankların sayında azalmalar 2017-ci ildə də gözləniləndir".