2016-cı ilin büdcəsi bizə nə vəd edir? | Banco.az

2016-cı ilin büdcəsi bizə nə vəd edir?

Büdcə sistemi haqqında Azərbaycan Resoublikasının Qanununa əsasən büdcə kəsiri və ya defisit büdcə xərclərinin gəlirlə təmin olunmayan məbləğidir. Büdcə artıqlığı və ya profisit isə büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir.

2016-cı ilin dövlət büdcəsinin xərc və gəlirləri Maliyyə Nazirliyi tərəfindən açıqlanıb. Gələn ilin dövlət büdcəsinin gəlirləri 14566 mln. manat (bunun 6000 mln. manatı Dövlət Neft Fondundan transfertlər təşkil edəcək) proqnozlaşdırılıb. Gələn ilin dövlət büdcəsinin xərcləri isə 16264 mln. manat proqnozlaşdırılıb. Göründüyü kimi büdcə kəsiri gələn il üçün 1698 mln. manat müəyyən edilib. 2015-ci ildə isə dövlət büdcəsinin xərcləri 17730 mln. manat, gəlirləri isə 17080 mln. manat müəyyən edilmişdir. 2015-ci ildə kəsir isə 650 mln. manat olmuşdur.

Bəs 2016-ci ildə 1698 mln. manat olan büdcə kəsrinin iqtisadiyyata hansı təsirləri olacaq? Bu suala dəqiq cavab vermək elədə asan deyil. Ancaq büdcə kəsrinin mənfi təsirlərini göstərə bilərik.

Milli əmanətlər 2 hissədən ibarətdir: özəl, yəni şəxsi əmanətlər və dövlət əmanətləri. Büdcə kəsrinin olması milli əmanətlərin azalmasına səbəb olur, çünki dövlət əmanətləri bu halda olmur. Milli əmanətlərin həcminin azalması investisiyaların azalmasına səbəb olur. İnvestisiyaların həcminin azalması borc kapitalı bazarına təsir edir. Azalan əmanətlər borc verilə biləcək vəsaitlərin həcmini azaldır. Borc verilə biləcək vəsaitlərin həcmi azaldığı üçün bazarda tələb və təklif yeni tarazlıq faizində bir-birini tarazlaşdıracaq və borc faiz dərəcəsi artacaq. Ölkə daxilində artan borc faiz dərəcəsi ölkədə xarici investisiya ilə bağlı iki tendensiyaya səbəb ola bilər. Ölkə daxilində siyasi sabitlik, müharibə şəraiti olmazsa və həmçinin, iqtisadiyyatın inkişafı üçün əlverişli şərait olarsa, xarici investorlar üçün yuxarı borc faizi qazanc əldə etmək üçün yaxşı imkan ola bilər. Əks təqdirdə isə yüksək faiz dərəcəsi ölkəyə yatırılan xarici investisiyların da axıb getməsinə səbəb ola bilər. Borc faizi dərəcəsinin artması və investisiya axını öz növbəsində valyuta məzənnəsinə təsir edəcək.

Ən sərfəli kredit üçün müraciət et

İndi isə valyuta məzənnəsinin necə dəyişəcəyinə diqqət edək. Əgər borc faizi qalxdığı bir şəraitdə xarici investisiyaların ölkədən axını davam edərsə, onda təklif edilən manatın həcminin artması səbəbindən manatın məzənnəsi xarici valyutalara nisbətdə aşağı düşəcək. Yox əgər artan borc faizi xarici investisiyaların ölkəyə axınına səbəb olarsa, onda manatın məzənnəsində əks proses baş verəcək, yəni manat xarici valyutalara nisbətdə güclənəcək.

Xəyal İsmayılov, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et