2015-ci il icmal büdcəsinin gəlirləri və xərcləri planlaşdırıldı | Banco.az

2015-ci il icmal büdcəsinin gəlirləri və xərcləri planlaşdırıldı

Azərbaycan Respublikasının 2015-ci il icmal büdcəsinin gəlirləri 20716,8 milyon manat, xərcləri 25911 milyon manat nəzərdə tutulub.

Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verilən məlumata görə, icmal büdcənin tərkib hissəsi olan məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 3056,3 milyon manat proqnozlaşdırılır.

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 55,8 faizi və ya 1704,1 milyon manatı dövlət büdcəsindən birbaşa transfert və büdcə təşkilatlarından sosial ayırmalar hesabına örtüləcək. O cümlədən dövlət büdcəsindən birbaşa transfert 1100 milyon manat, büdcə təşkilatlarından sosial ayırmalar 604,1 milyon manat təşkil edəcək.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin xərcləri 12304,8 milyon manat, o cümlədən dövlət büdcəsinə 10388 milyon manat transfert, bir sıra dövlət əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsinə 1916,8 milyon manat vəsait nəzərdə tutulub.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 366,7 milyon manat proqnozlaşdırılır. Xərclərin 18,8 faizi və ya 69 milyon manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 81,2 faizi və ya 297,7 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşıb.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən nəqliyyat, enerji, kənd təsərrüfatı, qaz və su təchizatı, sosial-mədəni təyinatlı infrastrukturların tikintisi və yenidən qurulması üçün 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən müvafiq məbləğdə vəsait ayrılıb.

Ən sərfəli kredit üçün müraciət et

azertag.az